Everestdə qar və buzların əriməsinin səbəblərindən biri də insan sidiyidir – Yeni araşdırma


Dünyanın ən yüksək dağı olan Everestdə qar və buzların əriməsinə yalnız iqlim dəyişikliyi deyil, insan fəaliyyəti də təsir göstərir.
Yeniavaz.com
“Euronews”ə istinadən xəbər verir ki, yeni araşdırmaya görə, dağın əsas düşərgəsində insanların fəaliyyəti hər yaz təxminən 3 milyon kiloqram buzun və qarın əriməsinə səbəb olur.
Araşdırma Nepal və Çin sərhədində yerləşən Everestdəki Xumbu buzlağında aparılıb. Nəticələr “International Journal of Sustainable Development & World Ecology” jurnalında dərc olunub.
Araşdırmaya görə, Everestin əsas düşərgəsində 2023-cü ildə təxminən 1 600 çadır olub. Burada yemək bişirmək, isinmək və elektrik enerjisi əldə etmək üçün 824 ədəd mayeləşdirilmiş neft qazı balonu, 18 935 litr kerosin və 5 130 litr benzin istifadə edilib.
Bu yanacaqların istifadəsi nəticəsində yaranan istilik buzlaq və qarın əriməsini sürətləndirir.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri isə insan sidiyinin yaratdığı təsirlə bağlıdır.
Alimlərin hesablamalarına görə, insan sidiyinin daşıdığı istilik Xumbu buzlağında təxminən 154 ton buz və qarın əriməsinə səbəb olur.
Everestdə minlərlə alpinist və bələdçinin gündə 6 min litrdən çox sidik ifraz etdiyi təxmin edilir. Əsas düşərgədə təxminən 2 min nəfər xüsusi tualetlərdən istifadə edir və bu tullantılar daha sonra dağdan aşağı daşınır.
Lakin tədqiqatçılar bildirirlər ki, insanların əhəmiyyətli hissəsi sidiyini birbaşa buzlağın üzərinə ifraz edir. Bu isə həm ərimə prosesini sürətləndirir, həm də buzlaqdan aşağı ərazilərdə yaşayan insanlar üçün su mənbəyi olan Xumbu buzlağının çirklənməsi riskini artırır.
Bununla belə, alimlər vurğulayırlar ki, buzlağın əriməsində ən böyük pay insan sidiyinə deyil, yanacaq istifadəsinə düşür.
İsitmə, yemək bişirmə, işıqlandırma və elektrik enerjisi istehsalı zamanı istifadə olunan fosil yanacaqlar daha böyük miqdarda istilik yaradır.
Tədqiqatçılar 1991-2023-cü illər arasında çəkilmiş termal peyk görüntülərini də araşdırıblar. Məlum olub ki, Everest əsas düşərgəsinin yerləşdiyi ərazidə səth temperaturunun artımı buzlağın qarla örtülü digər hissələrindəki artımdan təxminən iki dəfə çoxdur.
Alimlər bildirirlər ki, hesablamalar insan fəaliyyətinin real təsirini tam əks etdirməyə də bilər. Belə ki, helikopterlər, yürüşçülər və yük daşıyan yakların yaratdığı istilik araşdırmaya daxil edilməyib.
Tədqiqatçılar qeyd edirlər ki, Everest və Himalay buzlaqlarının geri çəkilməsinin əsas səbəbi qlobal iqlim dəyişikliyidir. Bununla yanaşı, intensiv insan fəaliyyəti müəyyən ərazilərdə buzların əriməsini daha da sürətləndirə bilər.
Buzlaqların əriməsi isə təkcə dağçılıq üçün deyil, Nepalda içməli su, hidroenergetika və kənd təsərrüfatı üçün də ciddi risk yaradır. Alimlər həmçinin buzlaq göllərinin daşması nəticəsində təhlükəli daşqınların və uçqunların artması ehtimalı barədə xəbərdarlıq edirlər.

DİGƏR XƏBƏRLƏR

Top