
Ukrayna dronları avqust ayında Rusiyanın neft emalı zavodlarına ən azı 21 dəfə hücum edib.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu, müharibənin başlanmasından bəri qeydə alınan ən yüksək aylıq göstəricidir.
Bildirilir ki, hücumlar Rusiyanın ən sıx məskunlaşmış və sənayeləşmiş bölgələrini yanacaqla təmin edən 10 ən böyük neft emalı zavodundan dördünü hədəf alıb.
“EA Analytics” tədqiqat şirkətinin hesablamalarına əsasən, Rusiyada avqust ayında orta gündəlik neft emalı gücü təxminən 3,8 milyon barel təşkil edib. Halbuki əvvəllər turizm və kənd təsərrüfatı sahələrində aktivliyin artması səbəbindən yanacağa tələbatın yüksəldiyi yay mövsümündə ölkədə gündəlik 5,3-5,5 milyon barel neft emal olunurdu.
Neft emalındakı kəskin azalma Rusiyanın daxili bazarında yanacaq qıtlığına səbəb olub. “Bloomberg”in məlumatına görə, avqustun ilk üç həftəsində benzin istehsalı və daxili bazara tədarük ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz, dizel istehsalı isə 23 faizdən çox azalıb.
Qeyd olunur ki, Ukraynanın hücumlarından əvvəl Rusiya qlobal dizel ixracının təxminən 10 faizini təmin edirdi. Hazırda isə yaranmış yanacaq böhranı səbəbindən bu həcm tamamilə ölkənin daxili tələbatının qarşılanmasına yönəldilir.
Analitiklər sentyabr ayında Rusiyada neft emalının müəyyən qədər artaraq gündə 4,2 milyon barelə çatacağını proqnozlaşdırırlar. Bununla belə, ekspertlərin fikrincə, Ukraynanın dron hücumları avqustdakı intensivliklə davam edərsə, neft emalının daha da azalması mümkündür.
Tətbiqimizi yükləyə bilərsiniz