Aqrar məhsullarda son 14 ilin ən böyük qiymət artımı qeydə alınıb


Avqustda kənd təsərrüfatı məhsullarının qiymətində son 14 ilin ən böyük aylıq artımı qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, 10 əsas kənd təsərrüfatı və ərzaq məhsulunun qiymətini izləyən “Bloomberg Kənd Təsərrüfatı Spot İndeksinə” əsasən, qiymətlər ötən ay 13% artıb.
Artımın əsas səbəblərindən biri buğdanın bahalaşması olub. Buğdanın qiyməti Qara dəniz limanlarındakı vəziyyət fonunda son üç ilin ən yüksək səviyyəsinə yüksəlib. Avqustun sonunda bir buşel buğdanın (27,2 kiloqram) qiyməti 7,79 dollara çatıb. Bu, 2023-cü ilin fevralından bəri qeydə alınan ən yüksək göstəricidir.
Analitik və konsaltinq şirkəti “Lachstock Consulting”in hesabatında bildirilib ki, Qara dəniz hövzəsindən ixrac bərpa olunmasa, bazar qısamüddətli logistika çətinliyi ilə yanaşı, getdikcə daha ciddi və uzunmüddətli təchizat problemi ilə üzləşə bilər.
Hesabatda Argentina buğdasının keyfiyyəti ilə bağlı sualların olduğu, Kanadada məhdudiyyətlərin, Avstraliyada isə ixrac gücü ilə bağlı problemlərin mövcud olduğu qeyd edilib. ABŞ-nin isə getdikcə daha bahalı alternativ təchizatçıya çevrildiyi vurğulanıb.
“Bloomberg”in məlumatına görə, iqlim dəyişikliyi fonunda əlverişsiz hava şəraiti də kənd təsərrüfatı bazarları üçün əsas risklərdən biri olaraq qalır. Yay aylarında ABŞ və Avropada müşahidə olunan yüksək temperatur qarğıdalı məhsullarına mənfi təsir göstərib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top