Xəzərdə istirahət qayığı qayaya çırpılıb – 2 nəfər ölüb, 5 nəfər yaralanıb


Qazaxıstanın Aktau şəhəri yaxınlığında Xəzər dənizində istirahət qayığının qayaya çırpılması nəticəsində iki nəfər həlak olub, beş nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə “Nurtobe” biznes mərkəzinin yaxınlığındakı dəniz akvatoriyasında baş verib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mangistau vilayəti üzrə departamentinin məlumatına görə, qayıqda ümumilikdə yeddi nəfər olub.
Məlumata görə, qayıq suyun üzərində olan qayaya çırpılıb. Hadisədən sonra xilasedicilər beş nəfəri sahilə çıxararaq tibbi yardım göstərilməsi üçün həkimlərə təhvil veriblər.
Axtarış-xilasetmə işləri zamanı isə suda iki kişinin meyiti aşkarlanıb. Onların cəsədləri sahilə çıxarılıb. İlkin məlumata görə, həlak olan iki şəxsin üzərində xilasetmə jileti olmayıb. Meyitlər sahildən təxminən 500 metr məsafədə tapılıb.
Hadisə nəticəsində xilas edilən beş nəfərin hamısının kişi olduğu açıqlanıb.
Mangistau Vilayət Çoxprofilli Xəstəxanasından verilən məlumata görə, yaralılardan dördündə bədənin müxtəlif nahiyələrində xəsarətlər müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top