Türkiyə həm ABŞ-yə, həm də İrana ixracı artırıb


Türkiyənin 2026-cı ilin iyun ayında ən çox məhsul ixrac etdiyi ölkə Almaniya olub.
Yeniavaz.com
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına istinadən xəbər verir ki, iyun ayında ölkənin ümumi ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə 21,7% artaraq 24 milyard 915 milyon dollar təşkil edib.
İxracın ən böyük hissəsi Almaniyanın payına düşüb. Türkiyə iyun ayında Almaniyaya 1 milyard 970 milyon dollarlıq məhsul ixrac edib. Bu, ümumi ixracın 7,9%-ni təşkil edib. Almaniyaya ixrac illik müqayisədə 14,2% artıb.
İkinci yerdə ABŞ qərarlaşıb. Türkiyənin ABŞ-yə ixracı 1 milyard 539 milyon dollar olub və bir il ərzində 28,8% artıb.
Siyahıda yer alan ölkələr arasında ixracın ən yüksək faizlə artdığı bazar Çin olub. Türkiyənin Çinə ixracı bir il ərzində 56,1% artaraq 259,2 milyon dollardan 404,5 milyon dollara yüksəlib.
İkinci ən böyük artım İrana (49,5%), üçüncü isə Misirə (46,2%) olub. İspaniyaya ixrac 40,7%, Bolqarıstana 31,4%, İraqa 30%, Polşaya isə 29,8% artıb.
Məbləğ baxımından ən böyük artım isə ABŞ-yə ixracda baş verib. ABŞ-yə ixrac təxminən 345 milyon dollar artıb. Sonrakı yerlərdə İspaniya (323 milyon dollar) və İtaliya (284 milyon dollar) qərarlaşıb.
Ən böyük geriləmə Yunanıstanda müşahidə edilib. Türkiyənin bu ölkəyə ixracı 30,7% azalaraq 569,5 milyon dollardan 394,8 milyon dollara düşüb.
İxrac Belçikaya 5,7%, Rumıniyaya 1,6%, Böyük Britaniyaya isə 0,3% azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top