
“Pew Research Center” təşkilatı dünyanın dini tərkibi ilə bağlı son 10 ildən artıq müddətdə ilk genişmiqyaslı yeniləməsini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, araşdırmada 201 ölkə və ərazidə əhalinin özünü hansı dinə aid etməsi əsas götürülüb.
Məlumata görə, xristianlıq 123 ölkədə əhalinin ən böyük dini qrupu olaraq qalır. İslam isə əsasən Şimali və Qərbi Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyanı əhatə edən geniş coğrafiyada üstünlük təşkil edir.
“Pew Research Center”in məlumatına əsasən, Azərbaycanda İslam dininə etiqad edənlər əhalinin 94,7 faizini təşkil edib. Keçmiş SSRİ ölkələrindən Tacikistanda əhalinin 98,9 faizi, Özbəkistanda 95,6 faizi, Türkmənistanda 94,3 faizi, Qırğızıstanda isə 91,7 faizi müsəlman kimi göstərilib.
Qazaxıstanda isə müsəlmanlar əhalinin 77,9 faizini təşkil edib.
Xristianlığın üstünlük təşkil etdiyi keçmiş SSRİ ölkələrində isə göstəricilər belədir:
Moldova – 99,5 faiz xristian
Ermənistan – 97,3 faiz xristian
Litva – 92,2 faiz xristian
Gürcüstan – 88,2 faiz xristian
Belarus – 85,1 faiz xristian
Ukrayna – 83,4 faiz xristian
Latviya – 77,3 faiz xristian
Rusiya – 69,9 faiz xristian
Estoniya – 52,6 faiz xristian
İslamın ən yüksək paya malik olduğu ölkələr arasında Yəmən və Əfqanıstan ilk sıralardadır. Hər iki ölkədə əhalinin 99,9 faizi müsəlman kimi göstərilib. Somalidə bu göstərici 99,8 faiz, İranda 99,8 faiz, Mərakeşdə 99,7 faiz, İraqda isə 99,5 faizdir.
Xristianlığın ən yüksək paya malik olduğu ölkələr arasında isə Şərqi Timor və Moldova 99,5 faizlə ilk sıradadır. Papua-Yeni Qvineyada bu göstərici 99,1 faiz, Mikroneziyada 98,8 faiz, Rumıniyada 98,5 faizdir.
Araşdırmaya görə, dünyanın bir sıra böyük ölkələrində xristianlıq və ya müsəlmanlıq əhalinin əsas dini qrupudur:
ABŞ – 64,0 faiz xristian
Kanada – 53,3 faiz xristian
Rusiya – 69,9 faiz xristian
Braziliya – 80,7 faiz xristian
Meksika – 89,2 faiz xristian
Almaniya – 56,2 faiz xristian
İtaliya – 80,5 faiz xristian
İspaniya – 69,5 faiz xristian
Türkiyə – 97,1 faiz müsəlman
İran – 99,8 faiz müsəlman
İndoneziya – 87,0 faiz müsəlman
Hindistan – 79,4 faiz hindu
Çin – 89,6 faiz dini mənsubiyyəti olmayan əhali
Araşdırmada diqqət çəkən məqamlardan biri də bəzi ölkələrdə ən böyük dini qrupun artıq əhalinin yarısından çoxunu təşkil etməməsidir. Böyük Britaniyada xristianların payı 49,4 faiz, Avstraliyada 46,8 faiz, Fransada isə 46,5 faizdir. Cənubi Koreyada dini mənsubiyyəti olmayanlar 48,3 faizlə ən böyük qrup olsa da, bu göstərici 50 faizdən aşağıdır.
“Pew Research Center” bildirir ki, son 10 ildə yalnız Yeni Zelandiya və Uruqvayda ölkənin ən böyük dini qrupu dəyişib. Hər iki ölkədə xristianlıq yerini dini mənsubiyyəti olmayan əhalinin üstünlüyünə verib.
Məlumatlara görə, İsrail yəhudiliyin ən böyük dini qrup olduğu yeganə ölkədir. Burada yəhudilər əhalinin 77 faizini təşkil edir. Tayvanda isə daosizm 51,7 faizlə ən böyük dini qrupdur.
Tətbiqimizi yükləyə bilərsiniz