ABŞ Çinə qarşı 11 ölkədən 30-a qədər influenser ilə əməkdaşlıq edəcək


ABŞ Dövlət Departamenti Donald Tramp administrasiyası tərəfindən fəaliyyəti dayandırılan Qlobal Nişan Mərkəzinin (GEC) həyata keçirdiyi bəzi əks-təbliğat proqramlarını yenidən işə salır.
Yeniavaz.com
“The Guardian”a istinadən xəbər verir ki, 2017-ci ildə yaradılan GEC əsasən Rusiya, Çin və İranın xarici informasiya əməliyyatlarına qarşı mübarizə aparmaq məqsədi daşıyırdı.
Mərkəzin maliyyələşdirilməsi 2024-cü ilin sonunda Konqres tərəfindən dayandırılıb. Donald Trampın Ağ Evə qayıtmasından sonra isə qurumun fəaliyyəti tamamilə dayandırılıb. Respublikaçılar GEC-i dezinformasiyaya qarşı mübarizə adı altında ABŞ daxilində mühafizəkar mövqeləri sıxışdırmaqda ittiham edirdilər.
Mərkəzin keçmiş rəhbərləri Daniel Kimmage və Kerri Qu isə bu iddiaları rədd edərək bildiriblər ki, yeni yayımlanan sənədlər GEC-in yalnız xarici informasiya əməliyyatlarına qarşı fəaliyyət göstərdiyini göstərir. Onların sözlərinə görə, qurumun imkanlarından ABŞ vətəndaşlarına qarşı istifadə edilməyib.
“The Guardian”ın əldə etdiyi məlumata əsasən, ABŞ Dövlət Departamenti hazırda Cənub-Şərqi Asiyada Çinin informasiya təsirinə qarşı mübarizə aparmaq üçün 11 milyon dollarlıq yeni proqram hazırlayır.
Proqram çərçivəsində 11 ölkədən 30-a qədər internet influenserinin cəlb edilməsi və hər bir iştirakçıya 2500 dollar ödənilməsi nəzərdə tutulur. Bundan əlavə, 180 nəfərin təlim və kontent hazırlanması məqsədilə Vaşinqton və Hyustona dəvət olunması planlaşdırılır.
Layihəyə 5 milyon dollarlıq informasiya kampaniyası, bloqçular və jurnalistlər üçün Çin təbliğatının müəyyənləşdirilməsi və ona qarşı mübarizə üsullarına dair 3 milyon dollarlıq təlim proqramı, eləcə də iştirakçıların ABŞ səfərləri daxildir.
Məlumata görə, proqramda ABŞ siyasətinə neytral və ya müsbət yanaşan şəxslərin seçilməsi nəzərdə tutulur. Onlara regiondakı Amerika siyasəti barədə məlumat veriləcək, Çin təbliğatını tanımaq və ona qarşı mübarizə aparmaq üçün xüsusi təlimlər keçiriləcək.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti açıq mənbələrdən məlumatların təhlili, təbliğat şəbəkələrinin aşkarlanması və süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərin (“deepfake”) müəyyənləşdirilməsi üçün proqram təminatı hazırlayacaq podratçılar axtarır.
Beləliklə, GEC-in bağlanmasından bir ildən az vaxt keçməsinə baxmayaraq, onun bəzi əsas funksiyaları yenidən ABŞ hökumətinin informasiya siyasətinə daxil edilir. Lakin bu fəaliyyətlər hazırda ayrıca bir mərkəz tərəfindən deyil, müxtəlif dövlət strukturları və xarici podratçılar vasitəsilə həyata keçiriləcək.
Qlobal Nişan Mərkəzinin keçmiş əməkdaşı Kerri Qu isə hesab edir ki, ABŞ hökuməti faktiki olaraq GEC-i yenidən qurmağa çalışır. Onun sözlərinə görə, bu dəfə proses xarici podratçıların iştirakı ilə daha yüksək xərclərlə həyata keçirilir.
Qu bildirib ki, mərkəzin bağlanması ABŞ-ınin xaricdə informasiya mühitinə təsir imkanlarını zəiflədib və ölkənin beynəlxalq tərəfdaşları arasında etimad itkisinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top