Şəkər səviyyəsini davamlı izləyən ilk sensor istifadəyə verilib


ABŞ Qida və Dərman Administrasiyası (FDA) orqanizmdə qlükoza və keton səviyyəsini fasiləsiz izləyən ilk sensoru təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “HealthDay” məlumat yayıb.
Bildirilir ki, “Libre Duo 10 Day” adlı cihaz dərinin üzərinə yerləşdirilir və dərialtı mayedə qlükoza və keton səviyyəsini hər dəqiqə ölçür. Toplanan məlumatlar smartfona ötürülür və xüsusi tətbiq vasitəsilə göstəricilərin hazırkı vəziyyətini və dəyişmə dinamikasını izləmək mümkün olur.
Ketonların səviyyəsi təhlükəli həddə yüksəldikdə sistem istifadəçiyə xəbərdarlıq edir. Bu isə diabetli insanlarda həyati təhlükəli ağırlaşma olan diabetik ketoasidozun erkən aşkarlanmasına kömək edə bilər.
Ketonlar orqanizm enerji mənbəyi kimi şəkər əvəzinə yağlardan istifadə etməyə başladıqda yaranır. Onların həddindən artıq toplanması diabetik ketoasidoza səbəb ola bilər. Bu vəziyyət bir neçə saat ərzində inkişaf edə və müalicə olunmadıqda komaya, hətta ölümə gətirib çıxara bilər.
Yeni cihazdan əvvəl ketonların səviyyəsini yoxlamaq üçün əsasən qan və ya sidik analizlərindən istifadə olunurdu. Bu testlər yalnız müəyyən bir andakı keton səviyyəsini göstərir və göstəricilərin fasiləsiz izlənməsinə imkan vermir.
FDA-nın Cihazlar və Radioloji Sağlamlıq Mərkəzinin rəhbəri Mişel Tarver bildirib ki, keton səviyyəsinin yüksəldiyini real vaxt rejimində, sutka ərzində bilmək erkən müdaxilə ilə həyati təhlükəli vəziyyət arasındakı fərqi yarada bilər.
Qeyd olunub ki, FDA-nın qərarı 600-dən çox insanın iştirak etdiyi altı araşdırmanın nəticələrinə əsaslanıb. Tədqiqatlar sensorun 10 günlük istifadə müddəti ərzində keton səviyyəsindəki dəyişiklikləri dəqiq izlədiyini və diabetik ketoasidoz inkişaf etməzdən əvvəl ketonların yüksəlməsini müəyyən edə bildiyini göstərib.
Sensorun 2 yaşdan yuxarı diabetli insanlar tərəfindən istifadəsinə icazə verilib. İstehsalçı Abbott cihazın ABŞ-da satışına bu ilin sonunda başlamağı planlaşdırır.
FDA isə xəbərdarlıq edib ki, keton göstəriciləri qlükoza səviyyəsi və xəstədə müşahidə olunan simptomlarla birlikdə qiymətləndirilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top