
Nepalda baş verən dağıdıcı daşqınlardan iki gün sonra dağıntılar altından beş yaşlı qız xilas edilib.
Yeniavaz.com “BBC News”ə istinadən xəbər verir ki, hazırda xəstəxanada müalicə alan uşağın vəziyyəti stabildir və o, sağalmaqdadır.
Manişa adlı qız xilasedicilərin sağ qalanları axtardığı Rasuva qraflığının Syabrubesi ərazisində dağıntılar altında tapılıb. Polis dağıntıların altından pişiyin miyovlamasına bənzər səs eşidib və həmin istiqamətdə axtarışlara başlayıb.
Xilasedicilər bir müddət sonra səsin beş yaşlı qıza aid olduğunu müəyyənləşdiriblər. Manişanın dağıntılar altından çıxarılması təxminən iki saat çəkib. O, xilas edilərkən sağ olsa da, çətinliklə reaksiya verib.
Uşağın təxliyəsi üçün vertolyot çağırılsa da, əlverişsiz hava şəraiti onun dərhal xəstəxanaya aparılmasına imkan verməyib. Manişa əvvəlcə xilasetmə düşərgəsinə yerləşdirilib. Burada ona su verilib, vəziyyəti yaxşılaşdıqdan sonra isə xilasedicilər uşağa az-az düyü suyu verməyə başlayıblar.
Dağıntılar altında uzun müddət qalması Manişada ağır psixoloji travma yaradıb. Şənbə günü günortadan sonra onun vertolyotla Katmanduya aparılması mümkün olub. Qız şəhərdəki Tədris Xəstəxanasının uşaq təcili yardım şöbəsinə yerləşdirilib.
Xəstəxanadan bazar günü verilən məlumata görə, Manişanın vəziyyəti stabildir və onun səhhətində yaxşılaşma müşahidə olunur. Beş yaşlı qız xəstəxanada valideynləri ilə də görüşüb.
Tətbiqimizi yükləyə bilərsiniz