Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində 23 nəfərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir.
*** 15:29
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Girnə Limanından Mersinə yola düşən sərnişin gəmisi dənizdə qəzaya uğrayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Filo Jet şirkətinə məxsus katamaran Girnə sahilindən təxminən 2 kilometr aralıda, hələlik məlum olmayan səbəbdən su alaraq çevrilib.
Gəmidə 259 sərnişin və 8 heyət üzvü olmaqla ümumilikdə 268 nəfər olub.
Hadisə ilə bağlı Girnə bələdiyyə başqanı Murat Şenkul vəziyyətin ciddi olduğunu açıqlayıb. Onun sözlərinə görə, indiyədək 159 nəfərə çatılıb və xilasetmə əməliyyatı davam edir.
Xilasetmə işlərinə sahil mühafizə qüvvələri ilə yanaşı, bölgədəki digər sərnişin gəmiləri, şəxsi yaxtalar və kiçik qayıqlar da cəlb olunub. Ehtimal olunan təxliyəyə görə limanda çox sayda təcili tibbi yardım maşını hazır vəziyyətə gətirilib.
İlkin məlumata görə, xilas edilən sərnişinlər Girnə Limanına gətirilir və daha sonra xəstəxanalara göndərilir. Hazırda hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə rəsmi məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz