İran Ermənistanla sərhəddəki maneələrin aradan qaldırılmasını istəyir


İran Ermənistanla Norduz sərhəd keçid məntəqəsində ticarət və tranzit fəaliyyətinə mane olan problemlərin aradan qaldırılmasına çağırıb.
Yeniavaz.com
İranın dövlət xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Azad və Xüsusi İqtisadi Zonaların Ali Şurasının katibi Hüseyn Foruzan Norduz terminalına səfəri zamanı deyib.
Foruzanın sözlərinə görə, sərhəd keçid məntəqəsində mövcud problemlərin həlli üçün daimi monitorinq aparılmalı, sərhəddə fəaliyyət göstərən bütün dövlət və tənzimləyici qurumlar arasında koordinasiya gücləndirilməlidir.
O, ticarət və tranzit prosedurlarının sadələşdirilməsi məqsədilə qurumları parçalanmış qərar qəbuletmə prosesindən imtina etməyə çağırıb. Bildirib ki, yük maşınlarının sərhəddə gözləmə müddətinin azaldılması və gömrük xidmətlərinin səmərəliliyinin artırılması ixracın genişləndirilməsi ilə birbaşa əlaqəlidir.
O, həmçinin regionun tranzit imkanlarından daha səmərəli istifadə edilməsi üçün Norduzda infrastrukturun inkişaf etdirilməsinə və gömrük prosedurlarının sadələşdirilməsinə çağırıb.
Norduz sərhəd-keçid məntəqəsi İranın Culfa şəhəri yaxınlığında, Araz çayının sahilində yerləşir. Bu məntəqə İranla Ermənistan arasındakı yeganə quru sərhəd-keçididir və İranın Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarət əlaqələrində mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Hüseyn Foruzanın Norduza səfəri Aras Azad İqtisadi Zonasına səfərinin ikinci günündə baş tutub. Bir gün əvvəl o, regionun investorları və biznes nümayəndələri ilə görüşüb. Foruzan, həmçinin Şərqi Azərbaycan qubernatoru ilə birlikdə 16 infrastruktur və iqtisadi layihənin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top