Venesuela ABŞ ilə 25 illik enerji müqaviləsi bağlayıb


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ ilə 25 illik enerji müqaviləsinin imzalandığını açıqlayıb.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, saziş çərçivəsində ölkədə neft hasilatının gündəlik 1,5 milyon bareldən çox artırılması nəzərdə tutulur.
Rodrigez müqavilənin 17 strateji neft yatağının işlənməsini əhatə etdiyini bildirib.
Onun sözlərinə görə, gündəlik 1,5 milyon barel hasilat sazişin yalnız ilkin hədəfidir. Daha geniş plan çərçivəsində səkkiz yeni neft blokunun işlənməsi və Venesuelanın enerji sektorunun genişləndirilməsi nəzərdə tutulur.
Rodrigez qeyd edib ki, müqavilə Venesuelanın təbii sərvətləri üzərində mülkiyyət hüququnu və suverenliyini qoruyur. Onun sözlərinə görə, ABŞ kapitalının, texnologiyasının və təcrübəsinin cəlb edilməsi uzun illər ərzində sanksiyalar və investisiya çatışmazlığından ciddi zərər görmüş neft sənayesinin bərpasına imkan verəcək.
Venesuela rəsmisinin hesablamalarına görə, neftin orta qiyməti bir barel üçün 65 dollar olduğu halda, yeni saziş hökumətə təxminən 209 milyard dollar gəlir gətirə bilər. İstehsal edilərək satılan hər barel neftdən təxminən 19 dolların birbaşa dövlət büdcəsinə daxil olacağı bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Venesuelanın neft ehtiyatlarının bir hissəsinə nəzarətin Amerika şirkətlərinə verilməsi ilə bağlı planları açıqlayıb. Tramp ABŞ-nin özəl şirkətlərlə tərəfdaşlıq yolu ilə Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatlarının böyük hissəsinə nəzarət etmək imkanına malik olduğunu bildirib.
Dünyanın ən böyük sübut edilmiş neft ehtiyatlarına sahib olan Venesuelada hazırda gündəlik neft hasilatı təxminən 1,25 milyon barel təşkil edir. Ölkədə neft istehsalının son illərdə investisiya çatışmazlığı, idarəetmədə problemlər və ABŞ sanksiyaları səbəbindən əhəmiyyətli dərəcədə azaldığı bildirilir.
Venesuela hakimiyyəti gələn həftə neft kəşfiyyatı və hasilatı üzrə yeni hüquqların verilməsi ilə bağlı bir sıra şirkətlərlə müqavilələr imzalamağı planlaşdırır. Danışıqlara yaxın mənbələrin məlumatına görə, bu şirkətlər arasında Amerikanın “Chevron” şirkəti də ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top