
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi Yaxın Şərqdə 250 gündən çox davam edən missiyadan sonra ABŞ-yə qayıtmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, gəmi bazar günü səhər tezdən Sinqapur yaxınlığından keçərək Yaxın Şərqdən ABŞ istiqamətində hərəkət edib. Agentliyin jurnalistləri gəmini İndoneziyanın Batam adası sahillərindən, Sinqapur boğazının digər tərəfində müşahidə ediblər.
Məlumata görə, “USS Abraham Lincoln” yerli vaxtla saat 01:00 radələrində Sinqapur yaxınlığından keçib.
Təyyarədaşıyan gəminin ABŞ-nin İrana qarşı hərbi əməliyyatında iştirak etdiyi qeyd olunub. Missiya zamanı gəmi 250 gündən çox limana daxil olmadan dənizdə qalıb və bununla ABŞ Hərbi Dəniz Qüvvələri tarixində ən uzunmüddətli fasiləsiz səfərbərliklərdən birinə imza atıb.
Uzunmüddətli missiya gəmi heyətinin vəziyyəti ilə bağlı narahatlıqlara səbəb olub. Əvvəlki hesabatlarda hərbçilərin psixoloji vəziyyətinin pisləşdiyi, həmçinin qida və gigiyena məhsulları da daxil olmaqla bəzi təchizatların çatışmazlığı ilə bağlı problemlərin yaşandığı bildirilib.
“USS Abraham Lincoln”un ABŞyə qayıtmazdan əvvəl Taylandda dayanacağı gözlənilir. Tayland hakimiyyətinin məlumatına görə, gəmi heyətin istirahət etməsi və hərbçilərin sağlamlıqlarını bərpa etməsi məqsədilə ölkədə qısa müddət qalacaq.
Tətbiqimizi yükləyə bilərsiniz