"Azərbaycanda MTK-lar özbaşınalıq edirlər" - Hüquqşünas - AÇIQLAMA

Yeni tikililərdən ev alıb xoş günə çıxacağını düşünənlərin bir çoxunun arzusu daşa dəyib. Söhbət ondan gedir ki, Mənzil tikinti korperativlərinin (MTK) çoxu xüsusən kommunal ödənişlər məsələsində sakinləri incidirlər. Bir çox yeni tikililərdə vətəndaşlardan istifadə etdikləri elektrik enerjisinin pulunu məhz MTK-ya, nəğd ödəmək tələb olunur.

Qəribədir ki, MTK-ların çoxu kommunal xidmətlərin tariflərini özləri müəyyənləşdirirlər və sakinlərdən də buna əməl etmək tələb olunur.

"Ödənişləri nağd formada MTK-ya ödəməyimiz tələb olunur"

Bakıdakı yeni tikililərdən ev alan vətəndaşlardan biri də Samir Salmanovdur. Onun sözlərinə görə, yaşadıqları binaya dəfələrlə şikayət etmələrinə baxmayaraq, mavi yanacaq verilməyib: "Məcburən elektrik enerjisindən istifadə etdiyimiz üçün dekabr ayında 200 manat işıq pulu ödəmişəm. Bizə bildirirlər ki, işıq pulunu nağd formada şirkətə ödəməlisiniz. Kartla internetdən girib ödəyə bilmərik. Digər ödənişləri də nağd formada şirkətə ödəməyimiz tələb olunur".

Samir Salmanov dedi ki, mənzilinin sahəsi 74 kv. metrdir: "Hər kvadratmetr üçün 40 qəpik ödəniş müəyyən edilib. Hər ay 28 manat ödəniş edirəm. Maraqlanmışam, Bakıdakı yeni tikililərin hamısında tarif eyni deyil".

"MTK-lar qanunları ayaqlar altına atıb tapdalayırlar"

Bu məsələ ilə əlaqədar hüquqları pozulan vətəndaşları müdafiə edənlərdən biri də hüquqşünas Qaçay Şahbazovdur. Hüquqşünas "Yeniavaz.com" saytına açıqlamasında bildirdi ki, hazırda ölkəmizdə MTK-lar tərəfindən vətəndaşlar çox pis incidilir: "MTK-lar qanunları ayaqlar altına atıb tapdalayıb vətəndaşları incidirlər, sakinləri incidirlər. Biz bununla bağlı xeyli sayda müraciətlərə və məhkəmə işlərinə baxmışıq. Bununla bağlı işin biri Yasamal rayon Məhkəməsində sakinin xeyrinə həll olunub, Apelyasiya məhkəməsi zərərçəkmişin xeyrinə qərar qəbul eləyib. Hazırda məsələyə Ali Məhkəmədə baxılır, MTK kassasiya şikayəti verib. Sonuncu məhkəmə orada olacaq".

"MTK-lar qanunları pozaraq özlərindən tariflər müəyyən edirlər"

Hüqüqşünas dedi ki, sakinlərin şikayətlərinin əksəriyyəti MTK-ların özlərindən kommunal tariflər müəyyənləşdirilməsi ilə bağlıdır: "Məlumat üçün qeyd edim ki, bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı qərarı ilə tənzimlənir. Düzdür, həmin qərardan sonra Tarif Şurası yaradılıb. Bu qurum enerji, işıq, su, mavi yanacaq tariflərinin artırılması barədə qərarlar qəbul etsə də, lift xidməti, zibil və tullantıların daşınması, o cümlədən ətrafın təmizlənməsi xidmətləri əvvəlki qaydasında, yəni Nazirlər Kabinetinin qəbul elədiyi normalar çərçivəsində həll edilir. Lakin buna baxmayaraq, MTK-lar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərini ciddi surətdə pozaraq özlərindən tariflər müəyyən edirlər. MTK-lar bununla həm də Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin 3-cü bəndinə, yəni hakimiyyətin bölgü prinsipinə müdaxilə etməklə Nazirlər Kabinetinin, hazırkı vəziyyətdə isə Tarif Şurasının səlahiyyətlərini mənimsəyiblər".

"Ciddi qanun pozuntusu deməkdir"

Qaçay Şahbazov bildirdi ki, bu ciddi qanun pozuntusu deməkdir və MTK-lar özbaşınalıq edirlər: "Bu məsələ ilə əlaqədar 32 hərbçinin müraciətinə Nəsimi Rayon Məhkəməsində, Yasamal Rayon Məhkəməsində baxılıb. Həmin hərbçilərin şikayəti də ondan ibarət idi ki, onların ev aldıqları MTK özündən tarif müəyyən etmişdi. Belə ki, bağlanmış müqaviləyə görə hər ay 53 manat xidmət haqqı müəyyən edilmişdi. Biz məhkəmə yolu ilə xidmət haqqını 20 manat səviyyəsinə endirə bilmişik. Əslində, 20 manat səviyyəsində müəyyənləşdirilməsi özü də qanundankənar haldır, amma həmin MTK müxtəlif səlahiyyətli adamların adından istifadə etməklə hətta məhkəmələrə belə təsir etdi. Ümumiyyətlə, MTK-lar bu yolla məhkəmələrə təsir etmək imkanlarına bu gün də malikdirlər".

"İnsanlarımız öz hüquqlarını tələb etmək cəsarəti tapmalıdırlar"

"Yeni tikililərdə yaşayan və bu problemdən əziyyət çəkən insanlara nə tövsiyə edərdiniz?" sualımıza hüquqşünasın cavabı belə oldu: "Birinci növbədə insanlarımız öz hüquqlarını tələb etmək cəsarətini özlərində formalaşdırmalıdırlar. Vətəndaşlara bütün hallarda qanunvericiliyi öyrənməyi, bu istiqamətdə maariflənməyi, müqavilə bağlayarkən qüvvədə olan qanunların tələblərinə ciddi əməl etməyi, hüquqi yardımlardan istifadə etməyi tövsiyə edərdim. Bir insanın öz hüququnu tələb etməsi onun əsl insani keyfiyyətlərə malik olmasından xəbər verir. Bizə - Azad İstehlakçılar Birliyinə müraciət edərlərsə, təmənnasız şəkildə onlara yardım etməyə hazırıq".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top