
Kriptovalyuta milyarderi Castin Sun çinli aktrisa Jin Tianı və valideynlərini məhkəməyə verərək ənənəvi gəlinlik qiyməti kimi ödənilən 30 milyon yuanın (təxminən 4,5 milyon dollar) geri qaytarılmasını tələb edib.
Yeniavaz.com xəbər verir ki, Sunun vəkili Çjan Çihuai Sian məhkəməsinin işi qəbul etdiyini açıqlayıb.
Vəkilin sözlərinə görə, Sun və Jin Tian təxminən yeddi ay sevgili olublar və evlənmək barədə ciddi müzakirələr aparıblar. Vəkil qeyd edib ki, lakin onlar heç vaxt evlənməyiblər.
Jin Tianın nümayəndələri isə mübahisənin yalnız hüquqi yolla həll ediləcəyini bildiriblər. 38 yaşlı aktrisa hələlik vəziyyətə açıq şəkildə reaksiya verməyib.

Qeyd edək ki, 36 yaşlı Castin Sun 2017-ci ildə yaradılan blokçeyn məlumat platforması “Tron”un qurucusudur. 2026-cı ilin avqust ayının sonunda “Forbes” jurnalı onun sərvətini 8,5 milyard dollar olaraq qiymətləndirib.
Sun, həmçinin 2024-cü ilin noyabr ayında Nyu-Yorkda baş tutan hərracda Mauritsio Kattelanın məşhur konseptual sənət əsəri olan divara yapışdırılmış banan – “Komediyaçı”nı 6,2 milyon dollara satın alaraq qlobal şöhrət qazanıb. Milyarder daha sonra Honkonqda keçirilən mətbuat konfransında bananı təntənəli şəkildə yeyib.
Tətbiqimizi yükləyə bilərsiniz