
“Bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu tanınmış jurnalist Mirşahin Ağayev öz sosial media hesabında yazıb.
O, “Qarabağ“ın UEFA Konfrans Liqasında “Tvente”yə uduzaraq mübarizəni dayandırmasına belə münasibət bildirib:
“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil…” Söz oyunu kimi görünsə də, söz oyunu deyil. İstəməzdim! Uduzma, təslim olma, Qurban! Ayağa qalx!”, – deyə o bildirib.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri ötən axşam Tofiq Bəhramov adına Respublika stadionunda Niderlandın “Tvente” klubu ilə cavab qarşılaşmasına çıxıb. Görüşün əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Əlavə vaxtda qonaqlar hesabı 4:1 edərək UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin ediblər, “Qarabağ” isə Avropa ilə vidalaşıb.
Qeyd edək ki, Niderlanddakı görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz