
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın dəmir yolu sektorunda Rusiyanın rolunu və yatırılan sərmayələri yüksək qiymətləndirib.
Yeniavaz.com xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb.
O qeyd edib ki, “Cənubi Qafqaz Dəmir Yolları” öz öhdəliklərini yüksək məsuliyyətlə yerinə yetirir.
XİN sözçüsünün sözlərinə görə, şirkət dəmir yollarının təkmilləşdirilməsi də daxil olmaqla, bu sahəyə 30 milyard rubldan çox sərmayə yatırıb.
Rusiya rəsmisi həmçinin dəmir yolu qrafikinin Ermənistan tərəfinin xahişi ilə tənzimləndiyini deyib.
Zaxarova İrəvanın Rusiyanın güzəşt hüququnun Ermənistanın logistika təşəbbüslərində iştirakına mane olması ilə bağlı fikirlərini rədd edib. O, bu arqumentləri “tamamilə yalan” adlandırıb.
Rusiya XİN sözçüsü hesab edir ki, Ermənistanın nəqliyyat sektorunda Rusiyanın rolunu azaltmaq cəhdləri Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planları ilə əlaqəlidir. Zaxarovanın sözlərinə görə, bunun Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını zaman göstərəcək.
O, tərəfdaşların açıq bəyanatlar verməzdən əvvəl danışıqlar masasına oturmalı, mövcud problemləri və narahatlıqları müzakirə etməli olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, Ermənistan dəmir yolları hazırda Rusiyaya məxsus “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarəetməsindədir. Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yolunun Ermənistanın mülkiyyəti olduğunu və istədiyi kimi idarə edəcəyini bəyan edib. Ermənistan lideri, həmçinin məsələ dostluq şəraitində həll olunmayacağı halda, İrəvanın beynəlxalq məhkəməyə üz tutacağını açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz