Dronların hədəfinə çevrilən “Wildberries”in sahibi 5-ci dəfə Rusiyanın ən varlı qadını seçildi


“Wildberries” şirkətinin təsisçisi Tatyana Kim beşinci dəfə Rusiyanın ən varlı qadını olub.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, Kimin sərvəti son bir ildə 7,1 milyard dollardan 5 milyard dollara qədər azalıb. Buna baxmayaraq, o, son altı ildə beşinci dəfə Rusiyanın ən varlı qadınları reytinqinin ilk pilləsində qərarlaşıb.
Kim daha əvvəl 2021, 2023, 2024 və 2025-ci illərdə reytinqə başçılıq edib. 2022-ci ildə isə Rusiyanın ən varlı qadınlarının reytinqi dərc olunmayıb.
“Forbes”in 2026-cı il üçün hazırladığı Rusiyanın ən varlı 20 qadınının siyahısına əsasən, iştirakçıların ümumi sərvəti ötən illə müqayisədə 6,8 milyard dollar azalıb. Eyni zamanda, milyarder qadınların sayı da iki dəfədən çox azalıb.
Reytinqdə Tatyana Kimdən sonra digər varlı qadınlar da yer alıb. Onların arasında Elena Baturina (1,3 milyard dollar), Lyudmila Koqan (1,25 milyard dollar), Ekaterina Fedun (1 milyard dollar), Tatyana Volodina (950 milyon dollar), Viktoriya Mixelson (850 milyon dollar), Evgeniya Quryevna  (800 milyon dollar), Svetlana Rıbaliçenko (800 milyon dollar), Lidia Sulteeva (800 milyon dollar) və Svetlana Demidova (750 milyon dollar) göstərilib.
Bununla belə, Tatyana Kimin sərvətinin həcmi ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur.
Qeyd olunur ki, Kimin sərvətinin qiymətləndirilməsi “Wildberries”in son dövrdə üzləşdiyi problemlər fonunda diqqət çəkir. İyulun ortalarından etibarən Rusiya ərazisi Ukraynanın genişmiqyaslı dron hücumlarının hədəfinə çevrilib. Ukrayna mediasının məlumatına görə, bu hücumlar nəticəsində “Wildberries”in və onun satıcılarının anbar infrastrukturuna dəyən zərərin ümumi həcmi təxminən 12 milyard dollar təşkil edib. Məlumatlarda şirkətin əsas anbarlarının, eləcə də ümumi saxlama tutumunun təxminən üçdə birinin məhv edildiyi bildirilir.
“Data Insight” tədqiqat agentliyinin aparıcı analitiki Sergey Semkonun hesablamalarına əsasən isə “Wildberries”in infrastrukturuna dəymiş birbaşa zərər 147-223 milyard rubl, yəni təxminən 1,75-2,66 milyard dollar təşkil edir.
Rusiya hökuməti də dron hücumlarından zərər çəkən şirkətlərin dəstəklənməsi ilə bağlı tədbirləri təsdiqləyib. Tədbirlər çərçivəsində vergilər və sığorta haqları üzrə 12 aylıq güzəşt müddətinin tətbiqi, yoxlamaların dayandırılması və borcların yığılması müddətlərinin uzadılması nəzərdə tutulur.
Bu dəstək tədbirləri dron hücumları nəticəsində dəymiş zərəri illik gəlirlərinin 5 faizindən çox olan şirkət və fərdi sahibkarlara şamil edilir.

DİGƏR XƏBƏRLƏR

Top