
İranın xaricdə yaşayan opponentlərinə qarşı cinayətkar şəbəkələrdən istifadə etdiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ-nin nüfuzlu “The New Yorker” nəşrinin araşdırmasında yer alıb.
Bildirilir ki, Tehran son illərdə müxaliflərə və hökuməti tənqid edən jurnalistlərə qarşı əməliyyatlarda müxtəlif ölkələrdən olan cinayətkarları cəlb etməyə başlayıb.
“The New Yorker” yayımladığı geniş araşdırmada İranın xaricdəki opponentlərinə qarşı həyata keçirdiyi əməliyyatları araşdırıb.
Məqalədə qeyd olunur ki, İran İslam Respublikasının xaricdə yaşayan dissidentləri hədəf alması yeni deyil. Lakin son illərdə bu fəaliyyətin xarakteri dəyişib. İranın dövlət strukturları birbaşa öz əməkdaşlarından istifadə etmək əvəzinə, müxtəlif ölkələrdə fəaliyyət göstərən kriminal qrupları və ayrı-ayrı cinayətkarları cəlb etməyə başlayıb.
Nəşrin yazdığına görə, bu üsul İran üçün bir sıra üstünlüklər yaradır. Cinayətkarlar sərhədləri keçə, saxta sənədlər əldə edə, avtomobil və təhlükəsiz mənzillər təşkil edə, pul köçürmələrini həyata keçirə və əməliyyatdan sonra izlərini itirə bilirlər. Eyni zamanda onların İran dövləti ilə birbaşa əlaqəsinin olmaması istintaq orqanlarının hücumların arxasında Tehran hakimiyyətinin dayandığını sübut etməsini çətinləşdirir.
“The New Yorker”in araşdırmasında son illərdə Avropa və ABŞ-də baş vermiş bir sıra hadisələr bu tendensiyanın nümunəsi kimi göstərilir.
Məqalədə ən diqqətçəkən hadisələrdən biri 2022-ci ildə ABŞ-də yaşayan iranlı fəal və jurnalist Məsih Əlinejada qarşı sui-qəsd cəhdi olub.
ABŞ istintaqına görə, həmin il Azərbaycan vətəndaşı Xalid Mehdiyev “AK-47” tipli avtomatla Əlinejadın Bruklindəki evinə gəlib. Polis tərəfindən saxlanılan Mehdiyevin üzərində və avtomobilində silah-sursat aşkarlanıb.
İstintaq daha sonra onun təkbaşına hərəkət etmədiyini üzə çıxarıb. ABŞ rəsmilərinin məlumatına görə, Mehdiyev Əlinejadın öldürülməsi planında “Russian Mob” kimi tanınan kriminal şəbəkənin iki üzvü — Rafat Amirov və Polad Ömərovla əlaqəli olub. ABŞ prokurorları bu iki şəxsi həmin şəbəkənin Azərbaycan qruplaşmasının yüksək səviyyəli üzvləri kimi təqdim ediblər.
Məhkəmə prosesi nəticəsində Amirov və Ömərov 2025-ci ildə təqsirli bilinib. Onlar Əlinejada qarşı muzdlu qətl planında iştirak etdiklərinə görə hər biri 25 il müddətinə azadlıqdan məhrum edilib.
“The New Yorker” yazır ki, Əlinejad işi İranın xaricdəki opponentlərinə qarşı kriminal qruplardan istifadə etməsinin yeganə nümunəsi deyil.
Məqalədə 2024-cü ildə Londonda iranlı jurnalist Pouria Zeraatiyə qarşı hücum da xatırlanır. Zeraatiyə hücum edən şəxslərin Rumıniya vətəndaşları olduğu, onların jurnalistin evini əvvəlcədən müşahidə etdiyi və hücumdan sonra ölkəni tərk etməyə çalışdığı bildirilir. Məhkəmə prosesində bu şəxslərin İranla əlaqəli daha geniş bir əməliyyatın iştirakçıları olduğu ortaya çıxıb.
Araşdırmada İranın Avropada müxtəlif kriminal qruplardan, o cümlədən Rusiya kriminal aləmi ilə əlaqəli şəxslərdən, motosikletçi dəstələrindən və hətta yeniyetmələrdən istifadə etdiyi barədə məlumatlar yer alır.
Nəşr bildirir ki, 2022-ci ildən etibarən Böyük Britaniyada yaşayan şəxslərə qarşı İran tərəfindən dəstəklənən 20-dən çox əməliyyat müəyyən edilib. Bu əməliyyatların bir hissəsi xüsusilə İranda fəaliyyət göstərən rejim əleyhinə jurnalistləri və media qurumlarını hədəf alıb.
Məqalədə həmçinin İranın xaricdəki opponentlərinə qarşı fəaliyyətinin ölkənin təhlükəsizlik strukturları ilə əlaqəsinə diqqət çəkilir. Qərb hökumətlərinin məlumatına görə, belə əməliyyatların koordinasiyasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun və İran Kəşfiyyat Nazirliyinin əməkdaşları iştirak edir. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı İranın İnqilab Keşikçiləri Korpusunun 840-cı bölməsi ilə əlaqəli şəxslərə qarşı da sanksiyalar tətbiq edib.
Onu da qeyd edək ki, Azərbaycanla bağlı bu istiqamətdə son dövrdə daha bir mühüm hadisə baş verib. Böyük Britaniya 11 may 2026-cı ildə Azərbaycan vətəndaşı Namiq Səlifovu İranla bağlı sanksiyalar siyahısına daxil edib. Britaniya hökuməti Səlifovun İran hökumətinin “düşmənçilik fəaliyyətlərinə” cəlb olunduğundan şübhələnmək üçün əsasların olduğunu bildirib. Rəsmi sənəddə onun Böyük Britaniyada və ya digər ölkələrdə şəxslərə və əmlaka qarşı hücumları planlaşdırmaq və ya həyata keçirməkdə, eləcə də belə fəaliyyətlərə dəstək verməkdə iştirak etdiyi qeyd olunur. Səlifova qarşı aktivlərin dondurulması və ölkəyə giriş qadağası ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
Məlumat üçün xatırladaq ki, Namiq Səlifov 2020-ci ildə Türkiyədə öldürülən kriminal aləmin tanınmış siması “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşıdır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz