Səmayə ananın oğul dərdi 34 yaşına çatdı... – Fotolar


Bu gün 78 yaşlı şəhid anası Səmayə İsmayılovanın oğlu şəhid Yalçın İsmayılovun şəhidlik zirvəsinə ucalmasından 34 il keçir.
Yeniavaz.com
xəbər verir ki, bu münasibətlə şəhidin xatirəsi uyuduğu Mingəçevir Şəhidlər Xiyabanında anılıb. Şəhidin məzarı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, uca Allahdan rəhmət dilənib.
Keçirilən anım tədbirində Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Şəhid Anaları Cəmiyyətinin sədri, Qadınlar Şurasının şəhər şöbəsinin nümayəndəsi və şəhid anaları çıxış edərək Vətən uğrunda canından keçən qəhrəmanların şərəfli döyüş yolundan danışıb, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.
Qeyd edək ki, 78 yaşlı S.İsmayılova tək yaşayır. Deyir ki, Yalçından sonra 4 oğul itirib:
“Hamısı rəhmətə gedib. Adı Yalçın qoyulan bir nəvəm də rəhmətə gedib. O da Yalçın adını yaşada bilmədi”.
S.İsmayılova indi yeganə təsəllini həyətinin önündəki şəhidin adına tikilən bulaqdan alır. O, hər səhər bu bulağın qarşısına gəlir, sanki oğlu ilə dərdləşir və beləcə təsəlli aldığını deyir. Deyir ki, oğlu bu dünyadan nakam köçdü, istəklisi də vardı, amma onunla da doyunca danışa bilməyib.
Dərdli ana hər il itirdiyi övladlarının adına ehsan süfrəsi təşkil edib yaxınları və qonşuları ilə övladlarının xatirəsini anır.
Qeyd edək ki, Yalçın İsmayılov Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb, 1992-ci ilin avqustun 25-də şəhidlik zirvəsinə ucalıb. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!






Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top