
Ermənistan hökuməti yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi ərizənin hazırlanması və təqdim edilməsi prosesinə başlayacaq.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin beşillik proqramının müzakirəsi zamanı bildirib.
Paşinyan qeyd edib ki, rəsmi müraciətin təqdim edilməsi ölkənin Avropaya inteqrasiyası üzrə yol xəritəsi və islahatlar planının hazırlanması üçün zəruri şərtdir.
Paşinyanın sözlərinə görə, proses geniş hazırlıq tələb edir. Bundan sonra Ermənistan vətəndaşlarının Aİ-yə üzvlük perspektivi ilə bağlı referendumda səs verməsi nəzərdə tutulur.
Baş nazir Ermənistanın Avropaya inteqrasiya siyasətinin ölkənin Avrasiya İqtisadi Birliyindəki (AİB) vəziyyəti ilə də əlaqəli olduğunu qeyd edib. Onun sözlərinə görə, Rusiyanın Ermənistan mallarının ixracına tətbiq etdiyi məhdudiyyətlər AİB-in qaydalarına ziddir və bu, təşkilat daxilində böhranın mövcudluğunu göstərir.
Mayın 29-da AİB-in dörd üzv dövlətinin liderləri birgə bəyanat yayaraq Ermənistanın Avropa İttifaqına qoşulması və ya Avrasiya İqtisadi Birliyində qalması məsələsi ilə bağlı mümkün qədər tez referendum keçirilməsini dəstəkləyiblər. Paşinyan bu mövqeni dostcasına addım kimi qiymətləndirib və Ermənistanda ümumi seçkilərin keçiriləcəyini təsdiqləyib.
Tətbiqimizi yükləyə bilərsiniz