Rusiyada banklardan milyardlarla dollar çıxarılır – Əmanətlər müsadirə oluna bilər


Rusiyanın bank sektorunda əhalinin əmanətlərini sürətlə geri çəkməsi maliyyə sistemində likvidlik təzyiqini artırır.
Yeniavaz.com
“The Washington Post”a istinadən xəbər verir ki, təkcə avqustun ilk iki həftəsində ölkə vətəndaşları banklardan təxminən 3,4 milyard dollar (286,4 milyard rubl) çıxarıb.
Bu göstərici iyulda 7,3 milyard dollar, iyunda isə 4,5 milyard dollar olub.
“Sberbank” nümayəndəsi Taras Skvortsovun sözlərinə görə, mövcud tendensiya davam edərsə, 2026-cı ildə banklardan çıxarılan vəsaitin həcmi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk ilində qeydə alınan göstəricidən təxminən iki dəfə çox ola bilər.
Qeyd olunur ki, 2022-ci ildə bank sistemindən 24,7 milyard dollar çıxarılmışdı. Hazırda 2026-cı ilin göstəricisi artıq bu məbləği ötüb.
Maliyyə sektorunda yaranan təzyiqin əsas səbəblərindən biri bankların dövlət tərəfindən hərbi-sənaye kompleksinə kredit ayırmağa yönləndirilməsi ilə əlaqələndirilir. Artan problemli kreditlər fonunda bankların likvidliyi daha da zəifləyir.
Sberbank nümayəndəsi bildirib ki, bəzi bankların dövlət istiqrazlarını almaq üçün kifayət qədər likvid vəsaiti yoxdur. Bunun fonunda Rusiya Maliyyə Nazirliyi dövlət istiqrazlarının hərraclarını qeyri-müəyyən müddətə dayandırıb. Bu vəziyyət büdcə kəsirinin böyüməsi ilə əlaqədar Moskvanın daxili borclanma imkanları üçün əlavə təzyiq yaradır. “Fortune”un məlumatına görə, Rusiyanın büdcə kəsiri iyulun sonunda təxminən 76 milyard dollara çatıb.
Bundan başqa, 2026-cı ilin ikinci rübündə Rusiyadan 9,4 milyard dollardan çox vəsaitin ölkə xaricinə köçürüldüyü bildirilir. Bu da yalnız əhalinin deyil, biznesin də Rusiya maliyyə sistemindən vəsait çıxarmağa başladığını göstərir.
Rusiyada əhalinin banklardakı vəsaitlərinin dövlət tərəfindən istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar da artır.
Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov iyunda ölkə parlamentində vətəndaşlar və şirkətlərin bank hesablarında saxlanılan ümumilikdə 130 trilyon rublun iqtisadiyyat və dövlət maliyyəsinin dəstəklənməsi üçün “səfərbər edilməsini” təklif edib. Onun sözlərinə görə, bu vəsaitin bir hissəsi qısa müddətdə iqtisadiyyata yönəldilə bilər.
Bununla yanaşı, Rusiya Maliyyə Nazirliyinin özəl idarə olunan pensiya fondlarında saxlanılan təxminən 40 milyard dollarlıq pensiya yığımına çıxış imkanlarını genişləndirə biləcək qanun layihəsi hazırladığı bildirilir.
Bu açıqlamalar bank əmanətlərinin gələcəkdə dövlətin müharibə və büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilə biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

DİGƏR XƏBƏRLƏR

Top