
Son günlər Xəzər dənizində baş verən boğulma hadisələri yenidən ciddi narahatlıq yaradıb. Təkcə avqustun ilk həftələrində Bilgəh, Ələt, Astara və digər sahil ərazilərində ölüm və batma təhlükəsi ilə bağlı hadisələr qeydə alınıb. Məsələn, avqustun əvvəlində Ələtdə nəzarətsiz ərazidə 36 yaşlı kişi və 15 yaşlı yeniyetmə boğularaq ölüb. Həmçinin iki gün əvvəl – 22 avqustda Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər.
Yeniavaz.com xəbər verir ki, FHN-in avqustun 12-də açıqladığı məlumata görə, 2026-cı ilin ötən dövründə Azərbaycanda 50 nəfərin meyiti sudan çıxarılıb, 65 nəfər isə boğulma təhlükəsindən xilas edilib.
Ölüm hallarının əksəriyyətinin nəzarətsiz, çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə baş verdiyi bildirilib.
Bəs əsas səbəblər nədir?
Mütəxəssislərin fikrincə, problemin bir səbəbi yoxdur. Əsas amillər arasında qeyri-çimərlik ərazilərində suya girmək, küləkli havada dənizə daxil olmaq, spirtli içki qəbul etmək, üzmə bacarığının zəif olması və uşaqların nəzarətsiz buraxılması göstərilir. FHN də məhz bu amilləri əsas risklər sırasında qeyd edir.
Bununla yanaşı, Xəzərdə suyun səviyyəsinin azalması sahilboyu sualtı relyefi dəyişdirir. Ekoloqlar yeni çalaların və fərqli su axınlarının yarandığını, bunun da bəzi ərazilərdə təhlükəni artırdığını bildirirlər. Dalğıclar isə, xüsusilə, külək zamanı yaranan axınların üzməyi bacarmayan insan üçün ciddi təhlükə yaratdığını vurğulayırlar.
Mütəxəssislərin fikrincə, “dəniz sakit görünürsə, təhlükə yoxdur” düşüncəsi yanlışdır. Sualtı axınlar və relyef dəyişiklikləri səthdən hər zaman görünmür.
Nə edilməlidir?
Problemin qarşısını almaq üçün yalnız insanlara xəbərdarlıq etmək kifayət deyil. Nəzarətsiz çimərliklərin müəyyənləşdirilməsi və girişin məhdudlaşdırılması, təhlükəli ərazilərdə daha aydın xəbərdarlıq nişanlarının quraşdırılması, xilasedici məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi və küləkli günlərdə operativ xəbərdarlıqların artırılması vacibdir.
Vətəndaşlar isə yalnız xilasedicilərin olduğu rəsmi çimərliklərdən istifadə etməli, küləkli havada və spirtli içki qəbul etdikdən sonra suya girməməli, uşaqları nəzarətsiz buraxmamalıdır.
Çünki dənizdə faciənin qarşısını almağın ən effektiv yolu xilasedicinin müdaxiləsini gözləmək yox, təhlükəli vəziyyətə ümumiyyətlə düşməməkdir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz