
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığı bərpa etmək planının olmadığını bildirib.
Yeniavaz.com “Sputnik” istinadla xəbər verir ki, o bu barədə parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən danışıb.
“Ermənistanın KTMT-yə qayıtmaq və ya təşkilat daxilində işi bərpa etmək planı yoxdur. Əminliklə deyə bilərəm ki, KTMT daxilində işimizi gücləndirməyəcəyik. Bilirəm ki, təşkilat bu məsələni müzakirə edir və onun nizamnaməsində bir ölkənin təşkilatdan çıxarılması imkanı nəzərdə tutulur. Təşkilat Ermənistanı KTMT-dən çıxarmaq qərarına gəlsə, məmnun olaram”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevral ayında KTMT-dəki iştirakının “dondurulduğunu” elan edib.
KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz