
COVID-19 keçirən insanlarda obstruktiv yuxu apnesinin əsasını təşkil edən fizioloji mexanizmlərdə ciddi dəyişikliklər baş vermir. Lakin alimlər bir nəzərəçarpan fərq müəyyən ediblər. Belə ki, COVID-19 keçirmiş şəxslərdə qısamüddətli oyanmadan sonra nəfəsalma daha intensivləşir.
Yeniaavaz.com xəbər verir ki, araşdırmanı Türkiyənin Koç Universitetinin alimləri ABŞ-dəkı həmkarları ilə birgə aparıblar.
Tədqiqatın nəticələri “Journal of Clinical Medicine” elmi jurnalında dərc olunub.
Obstruktiv yuxu apnesi insan yatarkən yuxarı tənəffüs yollarının vaxtaşırı daralması və ya tamamilə bağlanması nəticəsində yaranır. Bu zaman nəfəsalma dayanır və yuxunun keyfiyyəti pisləşir.
Bu vəziyyətin ağırlıq dərəcəsinə bir neçə fizioloji mexanizm təsir edir: tənəffüs yollarının kollapsa (çökməyə) meyli, tənəffüs sisteminin oksigen və karbon qazının səviyyəsindəki dəyişikliklərə cavab vermək qabiliyyəti, tənəffüs pozulduqda beynin insanı oyatmağa hazırlığı və yuxarı tənəffüs yollarının əzələlərinin hava yollarını açıq saxlamaq qabiliyyəti.
Tədqiqatçılar COVID-19 infeksiyasının bu mexanizmləri dəyişdirib-dəyişdirmədiyini müəyyənləşdirmək qərarına gəliblər. Onlar COVID-19 keçirmiş 60 nəfərlə nəzarət qrupundakı 60 iştirakçını müqayisə ediblər. Qruplar yaş, cins, bədən kütlə indeksi və yuxu apnesinin mövcudluğu nəzərə alınmaqla seçilib.
İştirakçılar gecə ərzində polisomnoqrafik müayinədən keçiblər. Bu zaman yuxu və tənəffüslə bağlı müxtəlif göstəricilər qeydə alınıb.
Göstəricilərin böyük əksəriyyəti üzrə qruplar arasında fərq aşkarlanmayıb. Keçirilmiş COVID-19 infeksiyası yuxarı tənəffüs yollarının kollapsa meyli, tənəffüsün idarə olunmasının sabitliyi, oyanma həddi və tənəffüs yollarının daralmasını kompensasiya edən əzələlərin fəaliyyəti ilə bağlı dəyişikliklərlə əlaqələndirilməyib.
Bununla belə, bir fərqli xüsusiyyət müəyyən olunub. COVID-19-dan sağalmış şəxslərdə qısamüddətli oyanmadan sonra ventilyasiya reaksiyası daha güclü olub — onların nəfəsalması infeksiya keçirməmiş iştirakçılara nisbətən daha çox intensivləşib.
Bu fərqin klinik baxımdan nə dərəcədə əhəmiyyətli olduğu hələ məlum deyil. Nəzəri olaraq, tənəffüsə gücləndirilmiş cavab apnenin gedişatına və ya onun müalicəsinin bəzi üsullarının effektivliyinə təsir göstərə bilər. Lakin bunun belə olub-olmadığı gələcək tədqiqatlarda araşdırılmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz