12 Avropa ölkəsində Qərbi Nil virusu aşkarlanıb


Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, bu il artıq Avropanın 12 ölkəsində Qərbi Nil virusuna yoluxma halları aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, ECDC Avropa ölkələrini virusu daşıyan ağcaqanadlarla mübarizə tədbirlərini gücləndirməyə çağırıb.
Məlumata görə, virusun yerli yolla ötürülməsi Albaniya, Avstriya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Kosovo, Niderland, Şimali Makedoniya, Rumıniya, Serbiya və İspaniyanın 99 regionunda qeydə alınıb. Ən çox yoluxma İtaliyada (311 hal) qeydə alınıb. Yunanıstan 157 halla ikinci yerdədir. 21 regionda isə virus ilk dəfə aşkarlanıb.
Bildirilib ki, 2025-ci ilin avqustunda eyni dövrə qədər Avropanın 9 ölkəsinin 67 regionunda yerli yoluxma halları qeydə alınıbb.
ECDC bildirir ki, Qərbi Nil virusunun və invaziv ağcaqanad növlərinin yayılması populyasiyaya nəzarətin gücləndirilməsinin vacibliyini göstərir. Agentliyin Qida, Su və Xəstəlik Daşıyıcıları bölməsinin rəhbəri Selin Qosnerin sözlərinə görə, effektiv mübarizə ağcaqanad populyasiyalarının monitorinqini, ictimaiyyətin məlumatlandırılmasını və ətraf mühitə təsiri nəzərə alan məqsədyönlü nəzarət tədbirlərini tələb edir.
Avropada insanların virusa yoluxmasının böyük hissəsi yazın sonundan payıza qədər baş verir. Yoluxmanın pik dövrü isə adətən iyul-sentyabr aylarına təsadüf edir.
Qərbi Nil virusu əsasən Kuleks cinsinə aid ağcaqanadlar vasitəsilə yayılır. Yoluxmuş insanlarda qripəbənzər simptomlarla müşayiət olunan yüngül infeksiya yarana bilər. Lakin ağır hallarda yüksək hərarət, titrəmə, koma, meningit və həyati təhlükəli beyin iltihabı — ensefalit inkişaf edə bilər.
Virusun spesifik müalicəsi yoxdur və hazırda insanlar üçün təsdiqlənmiş peyvənd də mövcud deyil. Ağır hallarda xəstələrə dəstəkləyici tibbi yardım göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top