
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov Britaniyanın BBC telekanalına müsahibəsində bildirib ki, ölkə prezidenti Volodimir Zelenski yaxın çevrəsində mümkün korrupsiya ilə bağlı suallara cavab verməlidir.
Yeniavaz.com xəbər verir ki, bununla yanaşı, keçmiş nazir dövlət başçısının korrupsiyada şəxsən iştirak etdiyini təsdiqləyən hər hansı sübuta malik olmadığını vurğulayıb.
“Qoy bu suala cavab versin. Düşünürəm ki, o, belə suallara cavab verməyə hazırdır. Bu, onun məsuliyyətidir – hamımıza bildirməlidir ki, bütün bunlardan xəbərdar olub, yoxsa yox. Mən heç bir fərziyyə irəli sürmək istəmirəm”, – Fyodorov deyib.
O, bu sözləri Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanlarının ötən həftə açıqladığı istintaqı şərh edərkən söyləyib. İstintaqın məlumatına görə, çirkli pulların yuyulmasında ittiham olunan keçmiş energetika nazirinin girov müqabilində azadlığa buraxılması üçün istifadə edilməsi nəzərdə tutulan 3 milyon dollardan çox vəsaitin mənimsənilməsi sxemi üzə çıxarılıb. İddia olunan sxemdə Zelenskinin ofisinin yüksəkvəzifəli əməkdaşı da iştirak edib və o, daha sonra vəzifəsindən azad olunub.
Ukrayna prezidentinin nümayəndəsi isə BBC-yə bildirib ki, Fyodorov 2019-cu ildən etibarən bütün hökumətlərin tərkibində yer alıb. Buna görə də onun hazırda mövcud hakimiyyət haqqında sanki bu hakimiyyətlə heç bir əlaqəsi olmayıbmış kimi danışması qəribədir.
Tətbiqimizi yükləyə bilərsiniz