
ABŞ Prezidenti Donald Tramp ölkə qanunlarının dəyişdiriləcəyi və üçüncü müddətə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürəcəyi təqdirdə çox xoşbəxt olacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə cümə günü Cənubi Karolina ştatının Mirtl Biç şəhərində tərəfdarları qarşısında çıxış edərkən qeyd edib.
Amerika lideri qeyd edib ki, hazırda onun vəzifəyə namizədliyini irəli sürməsini qadağan edən qaydalar və qanunlar mövcuddur.
“Bizim mənim yenidən prezidentliyə namizədliyimi irəli sürməyimi qadağan edən qayda və qanunlarımız var. Əgər onlar bunu dəyişdirmək istəsələr, mən çox xoşbəxt olaram”, - deyə o, bildirib.
Qeyd edək ki, qanuna görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvar ayında başa çatması planlaşdırılır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin vəzifədə qalmasını iki müddətlə məhdudlaşdırır. Lakin hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını qaldırıb.
Xatırladaq ki, Tramp 2024-cü ilin noyabr ayında Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edərək, ikinci müddətə seçilib. Onun prezident kimi ilk müddəti 2017-ci ildən 2021-ci ilə qədər olub.
Tətbiqimizi yükləyə bilərsiniz