
Yumurta gündəlik menyumuzda ən geniş yer tutan qidalardan biridir. Yumurtanı ağı ilə nəzərdən keçirmək mümkün olduğu kimi, sarısı ilə də nəzərdən keçirmək mümkündür. Başqa sözlə, yumurtanın ağının sağlamlığımız üçün öz faydaları olduğu kimi, sarısının da sağlamlığımız üçün öz faydaları var. Elə isə əvvəlcə yumurtanın özündən başlayaq.
İlk növbədə, deyək ki, aparılan araşdırmalar qidalar arasında ən keyfiyyətli proteinin yumurtada olduğunu göstərir. Hətta bu baxımdan yumurtanı protein keyfiyyəti üçün qızıl bir standart da adlandırmaq olar. Digər tərəfdən, yumurtanın tərkibində kənardan qəbul etməli olduğumuz kifayət qədər amin turşuları var. Üstəlik, yumurtadakı bu amin turşuları mədə tərəfindən çox yaxşı həzm edilir. Digər tərəfdən, alimlər hamilə qadınların yumurta istehlak etməsinin ana bətnindəki uşağın beyninin inkişafı üçün müsbət təsir göstərdiyini bildirirlər. Bununla yanaşı, yumurtada vitamin və mineralların sayı da kifayət qədər çoxdur.
İndi isə yumurtanın sarısı haqqında... Son vaxtlara qədər alimlər yumurta sarısının tərkibində olan yüksək xolesterolun sağlamlıq üçün zərərli olduğunu düşünürdülər. Ancaq sonralar alimlər apadıqları araşdırmalarda yumurtadakı bu xolesterolun qandakı xolesteroldan fərqlli bir ölçüyə malik olduğunu müəyyən etdilər. Üstəlik, onlar yumurtadakı xolesterolun qandakı xolesterol üzərində demək olar ki, heç bir təsirinin olmadığını aşkara çıxardılar.
Yumurta sarısını fərqləndirən digər xüsusiyyətlərdən biri də tərkibində xolin vitamininin olmasıdır. Yeri gəlmişkən deyək ki, xolin vitaminini uzun müddət B vitamini ailəsinin bir üzvü kimi qəbul etmiş və hətta onu başqa cür B4 vitamini kimi də adlandırmışlar. Ancaq əslində xolin xlorid fosfolipidlər sinfinə aid olan vitaminəoxşar bir maddədir. Həmçinin digər vitaminlərdən fərqli olaraq xolin orqanizmdə sintez edilir. Başqa bir məsələ də onun orqanizmdəki miqdarının başqa vitaminlərlə müqayisədə daha çox olmasıdır.
Yaddaş vitamini kimi də məşhur olan xolin nevroloji funksiyaların yerinə yetirilməsində də çox mühüm rol oynayır. Xolinlə zəngin olan bir qidalanmanın başqa bir faydası da “xoşbəxtlik”dir. Tərkibində xolin vitamini olan qidalar serotonin, dopamin və adrenalin kimi xoşbəxtlik hormonlarının istehsalına kömək edir. Digər tərəfdən, yumurta sarısının tərkibində lutein və zeaksantin adlı iki karotenoid də var. Bu karotenoidlər gözləri görmə zəifliyinə (hətta itkisinə də) qarşı qoruyur. Bununla yanaşı, yumurtanın tərkibində olan sulfid (onu başqa cür kükürd adlandırırlar) B vitamininin orqanizm tərəfindən sorulmasından qaraciyərin funksiyasının nizamlanmasına qədər çox şey üçün vacib olan bir maddədir. Bundan başqa, sulfid kollagen və keratin istehsalı üçün də çox vacibdir. Bunlar isə saçımızın və dərimizin parlaq olması üçün çox vacibdir.
Ancaq bütün bunlara baxmayaraq, yumurta sarısının sağlamlığımız üçün faydası yumurta ağının sağlamlığımız üçün faydasını kölgədə qoymamalıdır. Çünki həm az kalorili, həm də az yağlı olan yumurta ağı da yumurta sarısı kimi yüksək protein mənbəyidir. Üstəlik, ana südünə ən yaxın protein yumurta ağındadır. Digər tərəfdən, yumurta ağı tərkibindəki E vitamini ilə sərbəst radikallara qarşı mübarizə aparır. Həmçinin yumurta ağı vitamin və mineral tərkibi ilə də yumurta sarısından geri qalmır. Eyni zamanda, yumurta ağı da yumurta sarısı kimi dəri və saç problemlərinin aradan qaldırılmasında əvəzsizdir (yanıq problemləri də daxil olmaq). Başqa bir məsələ isə yumurta ağının insan orqanizminin inkişafındakı rolu ilə bağlıdır. Ancaq bütün bunlara baxmayaraq, nə qədər faydalı olsa belə, həm yumurta ağını, həm də yumurta sarısını yenə məhdud miqdarda istehlak etmək lazımdır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz