
“Oskar” mükafatı laureatı, britaniyalı aktyor Entoni Hopkins “Həyat bir Xəyaldır” (“Life Is a Dream”) adlı ilk musiqi albomunu buraxıb.
Yeniavaz.com xəbər verir ki, o, albomu Qustavo Dudamelin dirijorluğu ilə Filarmonik Orkestri ilə birlikdə yazdırıb.
Albom Londonun tarixi Viktoriya dövrü binası olan və hazırda konsert zalı olan Aleksandra Sarayında yazıya alınıb.
Yazıda dünyanın hər yerindən musiqiçilər iştirak edib.
Simfonik albom artıq striminq xidmətlərində öz yerini alıb.
Albomun həmçinin vinil valları da satışa çıxarılıb.
İyul ayında 88 yaşlı aktyor musiqiçi karyerasına başladığını elan edib. O, son 60 ildə yazdığı bəstələrdən ibarət albomu buraxmaq üçün “Decca Classics” ilə müqavilə imzaladığını bildirib.
Albomdan ilk mahnı olan “Bracken Road” 10 iyulda çıxıb. Alboma ümumilikdə 12 mahnı daxil olub.
Qeyd edək ki, Entoni Hopkins 31 dekabr 1937-ci ildə Uelsin Port Talbot şəhərində anadan olub. Onun filmoqrafiyasına 150-dən çox film daxildir. Hopkins ən çox 1992-ci ildə “Oskar” mükafatı qazandığı “Quzuların Səssizliyi” filmindəki qatil Hannibal Lekter rolu ilə tanınır. Hopkins ikinci “Oskar” mükafatını isə 2021-ci ildə “Ata” filmindəki roluna görə alıb.
Aktyorluqla yanaşı, Hopkins gənc yaşlarından musiqiyə həvəsli olub. O, dörd yaşında pianoda çalmağa başlayıb və hətta uşaq ikən Bethoven və Şopenin əsərlərini ifa edib. 2012-ci ildə Entoni Hopkins “And the Waltz Goes On” albomundakı iştirakına görə “Classic Brit” mükafatına layiq görülüb.
Tətbiqimizi yükləyə bilərsiniz