İki kölə


(“Məsnəvi”dən)

Bir gün bir padşah özünə iki kölə aldı. Kölələrdən birinin gözəl üzü, sağlam dişləri, o birinin isə çirkin üzü, çürük dişləri var idi. Ancaq padşah bu gördükləri ilə kifayətlənmədi və daha yaxşı tanısın deyə, onları imtahana çəkməyi qərara aldı. Padşah əvvəlcə çirkin üzlü, çürük dişli köləni yanına çağırdı və:
- Sən çox yaxşı bir adama oxşayırsan. Bəlkə də bir köləyə yox, yüz köləyə bərabərsən. Ancaq kaş ki, o biri kölənin dediyi pis xasiyyətlər səndə olmayaydı, -  dedi.
Bunu eşidən kölə padşaha belə cavab verdi:
- Padşahım, mən onu həmişə doğru sözlü bir adam bilmişəm. İndiyə qədər yalan bir sözünə şahid olmamışam. Görünür, onun məndə gördüyü pis xasiyyətləri mən heç vaxt özümdə görməmişəm.
Padşah nə qədər çalışsa da, bu kölədən o biri kölə haqqında pis bir söz ala bilmədi.
Sonra padşah gözəl üzlü, sağlam dişli köləni yanına çağırdı və ona da:
- Sən çox yaxşı bir adama oxşayırsan. Bəlkə də bir köləyə yox, yüz köləyə bərabərsən. Ancaq kaş ki, o biri kölənin dediyi pis xasiyyətlər səndə olmayaydı, - dedi.
Bunu eşidən kölə padşaha belə cavab verdi:
- Padşahım, mən onu həmişə yalan sözlü bir adam bilmişəm. İndiyə qədər doğru bir sözünə şahid olmamışam. İnanın ki, onun məndə gördüyü pis xasiyyətləri həmişə onun özündə görmüşəm.
Sonra da bu kölə o biri kölə haqqında bildiyi nə qədər pis söz var idisə, hamısını dedi.
Köləni bir qədər dinləyən padşah onun sözünü kəsdi və:
- İkinizi də imtahana çəkdim. Əgər onun üzü çirkindirsə, sənin qəlbin çirkindir. Əgər onun dişi çürükdürsə, sənin vicdanın çürükdür. Bundan sonra sən onun köləsisən! - dedi...

DİGƏR XƏBƏRLƏR

Top