
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə bu yaxınlarda imzalanmış və İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən anlaşma memorandumunu böyük nailiyyət adlandırıb.
Yeniavaz.com xəbər verir ki, Pezeşkian ictimai tədbirdə çıxışı zamanı danışıqların nəticəsini “ləyaqətli və dəyərli” kimi qiymətləndirib və sənəddə İranın kapitulyasiyasına işarə edən heç bir müddəanın olmadığını vurğulayıb.
“Bu razılaşmada kapitulyasiyaya işarə edən heç bir bənd tapa bilməzlər. Bütün öhdəliklər qarşı tərəfə aiddir”, – İran prezidenti bildirib.
Onun sözlərinə görə, danışıqlarda birbaşa iştirak edən Ali Milli Təhlükəsizlik Şurasının üzvləri əldə olunmuş razılaşmaları qətiyyətlə dəstəkləyiblər.
Pezeşkian vurğulayıb ki, razılaşma hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə Tehranın təslim olmağa hazır olduğu anlamına gəlmir. O, İran Silahlı Qüvvələrinin ölkəni müdafiə etməyə tam hazır olduğunu bildirib.
“Biz heç bir halda təhdid və təzyiq qarşısında baş əyməyəcəyik. Son nəfəsimizə qədər onlara müqavimət göstərəcək və sarsıdıcı cavab verəcəyik”, – prezident deyib.
Pezeşkian ABŞ-ni beynəlxalq normaları pozmaqda ittiham edib və bunu İranın məktəblərinə, xəstəxanalarına və infrastrukturuna endirilən zərbələrlə əlaqələndirib.
Bununla yanaşı, prezident ölkə daxilində birliyin qorunmasına çağırış edib. O, iranlıları birlik nümayiş etdirməyə və fərqli baxışları qəbul etməyə çağırıb.
“Birlikdə olsaq, güclüyük, parçalanmış olsaq, məhv olarıq. Düşmən fikir ayrılıqlarına ümid edir və bizim vəzifəmiz parçalanma alovunun daha da alovlanmasına imkan verməməkdir”, – Pezeşkian bildirib.
Onun sözlərinə görə, müharibə Tehran “güc və ləyaqət” mövqeyini qoruduğu anda başa çatmalıdır. Pezeşkian hazırkı məqamı razılaşma əldə etmək üçün əlverişli hesab edib.
“Bu gün, güc və ləyaqət mövqeyində olduğumuz bir vaxtda müharibəni başa çatdırmaq daha yaxşıdır”, – İran prezidenti deyib.
Tətbiqimizi yükləyə bilərsiniz