
Ötən gün Yeniavaz.com saytında yayımlanan “Azərbaycana 6 ayda 188 milyon manat dəyərində günəş panelləri gətirilib” başlıqlı yazıda yer alan rəqəmlər oxucular tərəfindən birmənalı qarşılanmayıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk 6 ayında Azərbaycana idxal olunan və eyni zamanada xaricə ixrac olunan bir məhsulun gömrük dəyəri arasındakı kəskin fərq oxucuların diqqətini cəlb edib.
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, “panellərə quraşdırılmamış fotoqalvanik elementlər”in bir ədədinin ixrac dəyəri 1,56 manat, “panellərə quraşdırılmış fotoqalvanik elementlər”in bir ədədinin idxal dəyəri isə 154 manat təşkil edib.
Bu isə belə bir sual doğurur: “Panellərə quraşdırılmış fotoqalvanik elementlər”lə “panellərə quraşdırılmamış fotoqalvanik elementlər” arasında gömrük dəyəri baxımından niyə 100 dəfə fərq yaranıb?

Məsələ ilə bağlı Yeniavaz.com-a danışan iqtisadçı-ekspert Allahverdi Aydının sözlərinə görə, söhbət əslində iki fərqli məhsuldan gedir: “Ölkəyə idxal olunan məhsul günəş panelləridir. Dövlət Gömrük Komitəsinin açıqlamasında yer alan “panellərə quraşdırılmış fotoqalvanik elementlər” ifadəsi isə məhsulun mahiyyətini tam və dəqiq əks etdirmir.
“Fotoqalvanik elementlər” ABŞ-yə bir ədədi 1,56 manata ixrac olunan məhsuldur. Bu məhsulun gömrük kodu 854142-dir. Çindən bir ədədinin 154 manata idxal olunduğu məhsul isə günəş panelidir və onun gömrük kodu 854143 olaraq göstərilir. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlardan belə təsəvvür yaranır ki, hər iki məhsul “fotoqalvanik elementlər”dir və aralarındakı əsas fərq onlardan birinin panelə quraşdırılması, digərinin isə quraşdırılmamasıdır”.
Ekspertin sözlərinə görə, 854142 və 854143 gömrük kodları Dünya Gömrük Təşkilatının beynəlxalq mal təsnifatı sistemində fərqli şəkildə ifadə olunur:
“854142 kodu “Photovoltaic cells not assembled in modules or made up into panels”, 854143 kodu isə “Photovoltaic cells assembled in modules or made up into panels” kimi qeyd olunub.
Bu ifadələrin müqayisəsi göstərir ki, Dövlət Gömrük Komitəsinin istifadə etdiyi terminlərlə Dünya Gömrük Təşkilatının təsnifatında yer alan ifadələr arasında terminoloji fərq mövcuddur. Komitənin məlumatında “quraşdırılmış” ifadəsindən istifadə edildiyi halda, beynəlxalq təsnifatda “made up into” ifadəsi işlədilir”.
Allahverdi Aydın hesab edir ki, “quraşdırılmış” ifadəsi məhsulun təsnifatdakı mahiyyətini tam ifadə etməyə bilər:
“Dövlət Gömrük Komitəsinin istifadə etdiyi “panellərə quraşdırılmış fotoqalvanik elementlər” ifadəsində “quraşdırılmış” sözü məhsulun mahiyyətini dəyişmir. Yəni fotoqalvanik element panelə quraşdırılsa belə, məhsul yenə də fotoqalvanik element olaraq qalır. Bu ifadə daha çox onun hansı formada istifadə edildiyini göstərir.
Lakin Dünya Gömrük Təşkilatının 854143 kodu üzrə istifadə etdiyi “Photovoltaic cells assembled in modules or made up into panels” ifadəsində “made up into panels” söz birləşməsi daha fərqli məna daşıyır. Burada söhbət yalnız fotoqalvanik elementin başqa bir obyektə quraşdırılmasından deyil, onun modul və ya panel formasına çevrilməsindən, ya da fotoqalvanik elementlərdə modul və ya panelin düzəldilməsindən gedir.
Başqa sözlə, “panelə çevrilmiş fotoqalvanik elementlər” dedikdə fotoqalvanik elementlərin ilkin formasından fərqli olaraq panel şəklində təqdim olunması nəzərdə tutulur”.

Ekspertin sözlərinə görə, bu halda Azərbaycana idxal olunan məhsulu sadəcə “fotoqalvanik elementlər” deyil, “panel formasında hazırlanmış fotoqalvanik elementlər” kimi xarakterizə etmək daha doğru olar.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz