Türkiyə Netanyahunun beynəlxalq axtarışa verilməsini tələb edir


Türkiyənin Ədliyyə Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahu barəsində insanlığa qarşı cinayətlər və soyqırım törətmək ittihamı ilə İnterpolun “qırmızı bülleten”i əsasında beynəlxalq axtarış elan edilməsi üçün ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek “X” hesabında yazıb.
İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsi “Sumud” humanitar flotiliyası ilə bağlı işə baxarkən iyul ayında Netanyahu və iş üzrə digər şəxslərin həbsinə dair qərar çıxarıb.
Onlar insanlığa qarşı cinayətlər, soyqırım, qanunsuz azadlıqdan məhrumetmə, qəddar rəftar, qəsdən sağlamlığa zərər vurma, quldurluq və nəqliyyat vasitələrinin qanunsuz saxlanılması kimi əməllərdə ittiham olunurlar.
Gürlek yazıb ki, 14 iyul 2026-cı ildə Netanyahu barəsində çıxarılmış həbs qərarlarına əsasən, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyinə beynəlxalq axtarışla bağlı qırmızı bildirişlərin verilməsi üçün müraciət edib. Müvafiq sənədlər Xarici İşlər Nazirliyinə də göndərilib.
“Qəzzada törədilən cinayətlərin susdurulmasına imkan verməyəcəyik və günahkarların cəzasızlıq qalxanı ilə qorunmasına yol verməyəcəyik. Milli və beynəlxalq hüquqa uyğun olaraq bütün mövcud hüquqi vasitələrdən qətiyyətlə istifadə edəcəyik”, – Gürlek bildirib.

DİGƏR XƏBƏRLƏR

Top