
Gürcüstanın Marneuli şəhərinin meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun məhkəmə prosesi həbs cəzası ilə yekunlaşıb.
Yeniavaz.com “Aktual.ge”yə istinadən xəbər verir ki, iyulun 19-da keçirilən məhkəmədə Kənan İsmayılova 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Bolnisi Rayon Məhkəməsinin qərarına əsasən, onun həbs müddəti saxlanıldığı gündən – aprelin 7-dən hesablanacaq. Bununla yanaşı, cinayətdə iştirak edən digər 3 nəfərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə barədə ilk məlumat aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova tərəfindən sosial mediada paylaşılıb. Onun açıqlamasına görə, hadisə distributorlardan birinin çörəyin qiymətini artırmaqdan imtina etməsi ilə bağlı olub.
İddialara əsasən, distributor Kənan İsmayılov və ətrafındakı digər şəxslər tərəfindən amansızcasına döyülüb.
Hadisədən dərhal sonra Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yerli mediada açıqlama yayaraq, faktla bağlı istintaq başlandığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz