
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, ölüm hökmünə məhkum edilmiş fələstinlilərin edamlarının həyata keçirilməsi üçün kompleksin yaradıldığı tikinti sahəsindən video yayımlayıb.
Yeniavaz.com “Guardian”a istinadla xəbər verir ki, videoda Ben-Qvirin həbsxananın yaxınlığında yerləşən naməlum bir müəssisəyə baş çəkməsi və bir tikilinin təməlini göstərməsi əks olunub.
O, “terrorçuları edam edəcəkləri” yerin məhz burada olduğunu bildirib.
Nazir həmçinin bildirib ki, ərazidə qurbanların qohumları üçün xüsusi yerlər yaradılacaq və onlar edamları oradan izləyə biləcəklər.
“Mən terrorçuların həbsxanalarda saxlanma şəraitini sərtləşdirəcəyimə söz vermişdim və biz bunu etdik. Mən terrorçular üçün ölüm hökmü haqqında qanun qəbul edəcəyimə söz vermişdim və biz bunu etdik. İndi isə ölüm hökmü və asma kompleksləri həyata keçirilir”, - Ben-Qvir bildirib.
Nəşr yazır ki, müəssisənin tikintisi İsrailin bu ilin əvvəlində ölüm hökmü ilə bağlı yeni qanun qəbul etməsindən sonra başlayıb.
Qeyd edək ki, sözügedən qanunda nəzərdə tutulur ki, əgər məhkəmə onun ömürlük həbs cəzası ilə əvəz olunmasına imkan verən xüsusi hallar müəyyən etməsə, hərbi məhkəmələr müəyyən terror cinayətlərinə görə ölüm hökmünü yeganə cəza kimi təyin etməlidir.
Lakin qanun bu cür cinayətlər törətmiş yəhudi ekstremistlərə şamil edilmir. Müvafiq müddəa yalnız “İsrail Dövlətinin mövcudluğunu inkar etmək niyyəti ilə” törədilmiş qətl hallarına şamil edilir. Beləliklə, qanunun tənqidçiləri onun tətbiqinin əsasən fələstinlilərə qarşı yönəldiyini iddia edirlər.
Qanun Knesset tərəfindən 62 lehinə, 48 əleyhinə səslə qəbul edilib və geniş beynəlxalq tənqidlərə səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz