
Ukraynanın paytaxtı Kiyevdə tez-tez baş verən hava hücumu xəbərdarlıqları ilə əlaqədar Ali Rada daha təhlükəsiz yerə köçürülə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xalqın Xidmətçisi” Partiyasından olan deputat Nikita Poturayev “Radio NV”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, parlament üzvləri ən azı iki ssenarini müzakirə edirlər ki, bunlardan biri daha təhlükəsiz yerə köçməyi əhatə edir.
“Biz avqustun 18-də yalnız bir qanuna səs verdik, çünki iki hava hücumu xəbərdarlığı var idi. Aydındır ki, Ali Rada bu cür fəaliyyət göstərə bilməz. Düşünürəm ki, vəziyyət daha da pisləşəcək”, - deyə o, qeyd edib.
Poturayev həmçinin qeyd edib ki, Kiyevdə daha təhlükəsiz yer var. Onun sözlərinə görə, parlamentin işi ora köçürülə bilər. Deputat parlamentin hələ 2022-ci ilin fevral, mart və aprel aylarında orada işləməli olduğunu qeyd edib.
Lakin millət vəkili sözügedən yer barədə məlumat verməyib.
Qeyd edək ki, avqustun 18-də gün ərzində Kiyevdə PUA hücumu ilə əlaqədar 10 dəfə hava hücumu xəbərdarlığı verilib.
Tətbiqimizi yükləyə bilərsiniz