Azərbaycanda 5,4, Gürcüstanda 1,6, Ermənistanda 0,5... – Hər 10 yol qəzasında ölənlərin sayı


Bu ilin ilk yarısında Azərbaycanda ümumilikdə 533 yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qəzalar nəticəsində 285 nəfər həyatını itirib, 404 nəfər isə yaralanıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycanda hər 10 yol qəzasına orta hesabla 5,35 ölüm düşür. Yəni, təxminən hər iki qəzadan birində ölüm hadisəsi baş verib.
Qeyd edək ki, qonşu Gürcüstan və Ermənistanda baş verən yol-nəqliyyat hadisələrinin sayı Azərbaycanla müqayisədə dəfələrlə çox olsa da, ölüm hallarının sayı daha az olub.
Bu ilin ilk yarısında Gürcüstanda 1 267 yol-nəqliyyat hadisəsi baş verib və bu qəzalarda 201 nəfər ölüb, 1 925 nəfər yaralanıb. Eyni dövrdə Ermənistanda 2 151 yol-nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində 114 nəfər ölüb, 3 127 nəfər yaralanıb.
Göründüyü kimi, hər 10 yol qəzasına düşən ölüm sayı Gürcüstanda 1,59, Ermənistanda isə 0,53 təşkil edir. Nəticədə hər 10 qəza üzrə ölüm göstəricisi Azərbaycanda Gürcüstandan təxminən 3,4 dəfə, Ermənistandan isə 10 dəfə yüksək olub.
Məlumat üçün onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yol qəzalarında ölüm hallarına ən çox yol infrastrukturunun, nəqliyyat vasitələrinin təhlükəsizliyinin, yol hərəkəti iştirakçılarının davranışının, təhlükəsizlik kəmərindən istifadənin və qəza baş verdikdən sonra tibbi yardımın keyfiyyətinin təsir etdiyini açıqlayıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top