
Ankara və Dəməşq İsrailin İdlibdəki Əbu Duhur hərbi aerodromuna hücumundan sonra yeni hərbi əməkdaşlıq müqaviləsi imzalaya bilərlər.
Yeniavaz.com “Türkiye” qəzetinə istinadla xəbər verir ki, sənəddə həmçinin Təl-Əvivdən gələn potensial təhdidlərə cavab vermək üçün protokolların yenilənməsi təklif olunur.
“Türkiye”nin məlumatına görə, Ankara İsrail təhdidlərinə qarşı qabaqlayıcı tədbirlər olaraq Türkiyənin AWACS təyyarələri və Hərbi Hava Qüvvələri qırıcı təyyarələri ilə birgə təlimlər keçirməyi və sərhəd bölgələrində patrul xidmətləri təşkil etməy təklif edir.
Qəzet həmçinin təkliflər arasında ortamüddətli tədbir kimi Suriya hava məkanının hərbi uçuşlar üçün bağlanmasından bəhs edir.
Türkiyə yeni Suriya hakimiyyətinə silahlı qüvvələrinin yenidən təşkili və modernləşdirilməsi, eləcə də hərbi təlimlərində kömək göstərir. İki ölkə arasında hərbi əməkdaşlıq 2025-ci ilin avqust ayında Ankarada imzalanmış memoranduma əsaslanır.
Qeyd edək ki, “Syria TV” bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin 18 avqustda İdlibdəki Əbu Duhur hərbi aerodromuna hücum etdiyini bildirmişdi.
ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi və ABŞ-nin Türkiyədəki səfiri Tom Barak isə I24-ə hava hücumunun kəskin eskalasiyaya, hətta İsraillə Türkiyə arasında birbaşa hərbi münaqişəyə səbəb ola biləcəyini qeyd etmişdi. O, İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısını almaq üçün mexanizmin yaradılması üzərində işlərin aparıldığını əlavə etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz