
Hollivudun ən məşhur aktyorlarından biri olan Tom Hollandın “Hörümçək adam: Yeni bir gün” filmindən əldə edəcəyi qazanc şokedici olub.
Yeniavaz.com “The Wrap” portalına istinadla xəbər verir ki, 30 yaşlı ulduzun filmdən 100 milyon dollardan çox qazanacağı gözlənilir.
Bəzi mənbələr aktyorun filmdəki baş roluna görə baza məbləği olaraq 20 milyon dollar alacağını bildirib. Bu məbləğ onun 2021-ci ildə ekranlara çıxan “Hörümçək adam: Evə yol yoxdur” filmindən aldığı qonorarın təxminən ikiqatıdır.
Filmin kassadakı uğurundan əldə ediləcək əlavə ödənişlərlə birlikdə Hollandın ümumi qazancının 100 milyon dolları keçəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2021-ci ildə ekranlara çıxan “Hörümçək adam: Evə dönüş yoxdur” (“Spider-Man: No Way Home”) filmi dünya üzrə 2 milyard dollardan çox gəlir əldə edərək böyük uğura imza atıb.
Məlumat üçün bildirək ki, Tom Hollandın Marvel Kinematoqrafiya Kainatında canlandırdığı (MCU) Piter Parker obrazı digər aktyorların yaratdığı Hörümçək adam obrazlarından daha uzunömürlü olub.
Tom Hollandın əvvəlki “Hörümçək adam” filmlərindən əldə etdiyi qonorar da diqqət çəkir. Aktyor “Sony” şirkətinin franşizanı tamamilə yenidən başlatdığı 2017-ci ildə çəkilmiş “Hörümçək adam: Evə qayıdış” (Spider-Man: Homecoming) filmindəki baş roluna görə 500 min dollar, 2019-cu ildəki “Hörümçək adam: Evdən uzaqda” (Spider-Man: Far From Home) filmi üçün 4 milyon dollar, 2021-ci ildəki “Hörümçək adam: Evə dönüş yoxdur” (Spider-Man: No Way Home) filmi üçün isə 10 milyon dollar qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz