İsveç Aİ-də “tüstüsüz ölkə” hədəfinə çatan ilk üzv dövlət olub


İsveç Avropa İttifaqında (Aİ) əhalisinin gündəlik siqaret çəkmə səviyyəsini 5 faizdən aşağı salan ilk ölkə olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Parlamentinin “X” platformasında məlumat dərc olunub.
Məlumatda qeyd olunub ki, İsveç 2025-ci ilə qədər Aİ-nin müəyyən etdiyi 5 faizlik “tüstüsüz ölkə” hədəfinə çatan ilk üzv dövlət olub.
İsveç Alkoqol və Maddə Məlumat Şurasının (CAN) son hesabatına görə, ölkədə gündəlik siqaret çəkənlərin payı 3,7 faizə düşüb.
“Smoke Free Sweden” təşkilatının rəhbəri, Dünya Tibb Assosiasiyasının keçmiş baş katibi Delon Human bildirib ki, bu, Avropada ictimai səhiyyə üçün dönüş nöqtəsidir.
Onun sözlərinə görə, İsveç bu nəticəyə qadağalar tətbiq etmədən, yetkin siqaret çəkənlər üçün daha az riskli alternativlərin əlçatanlığını təmin etməklə nail olub.
İsveçin göstəriciləri Aİ-nin ümumi nəticələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Aİ-də gündəlik siqaret çəkənlərin payı 2012-ci ildəki 28 faizdən 2025-ci ildə 24 faizə enib. Bu isə 13 il ərzində cəmi 4 faiz bəndi azalma deməkdir.
Eyni dövrdə İsveçdə siqaret çəkmə səviyyəsi təxminən iki dəfə azalıb. Məlumatlara əsasən, ölkədə siqaretlə əlaqəli xəstəliklərin göstəriciləri də Avropanın ən aşağı səviyyələrindədir. Kişilər arasında ağciyər xərçəngindən ölüm göstəricisi Aİ ortalamasından 61 faiz, ümumi xərçəngdən ölüm göstəricisi isə 34 faiz aşağıdır.

DİGƏR XƏBƏRLƏR

Top