
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi Ebola epidemiyasının Konqoda qlobal fövqəladə vəziyyət olaraq qaldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Düzünü desək, epidemiya hələ də nəzarət altında deyil. Epidemiya böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almaq üçün mübarizə aparırıq”, - o qeyd edib.
ÜST rəhbəri həmçinin, bütün hökumətləri və tərəfdaşları səyləri daha da artırmaq və qarşıdakı aylarda insanları qorumaq üçün lazım olan resursları səfərbər etmək üçün birgə işləməyə çağırıb.
Qebreyesus bildirib ki, Konqo hökuməti və digər risk altında olan ölkələr üçün yenilənmiş tövsiyələr yaxın günlərdə dərc olunacaq.
Digər tərəfdən, Konqoda Ebola virusuna yoluxanların sayı 5021 nəfərə çatıb. Bu barədə Konqo Səhiyyə Nazirliyinin məlumat yayıb.
Həmçinin, hazırkı epidemiya dövründə Eboladan ölənlərin sayı 2378 nəfərə, ölüm nisbəti isə 47,3%-ə çatıb.
Konqo və Uqandada başlayan epidemiya artıq Afrikada bu xəstəliyin tarixində ikinci ən ölümcül epidemiya olub. Epidemiya Konqonun altı əyalətində, episentri isə İturi əyalətində təsdiqlənib. Uqanda hakimiyyəti 28 iyulda ölkələrində Ebola epidemiyasının başa çatdığını elan edib.
Qeyd edək ki, avqustun 18-də ÜST-ün fövqəladə hallar üzrə meneceri Tyerno Balde lazımi maliyyələşdirmənin mövcud olacağı təqdirdə Konqoda Ebola epidemiyasının cəmi üç ay ərzində nəzarət altına almaq mümkün olacağını bildirib.
Xatırladaq ki, xəstəliyin yayılmasına nadir “Bundibucio” virusu səbəb olur və hazırda peyvənd klinik sınaqlardan keçirilir. Ən böyük Ebola epidemiyası 2014-2016-cı illər arasında Qərbi Afrikada, Qvineya, Liberiya və Sierra-Leonedə baş verib. Ölənlərin sayı o zaman 11 000-i keçib. Ebola virusu insanlara vəhşi heyvanlardan keçir. İlk yoluxma hadisəsi 1976-cı ildə indiki Konqo Demokratik Respublikasında qeydə alınıb. KDR-də hazırkı Ebola epidemiyası sayca 17-cidir.
Tətbiqimizi yükləyə bilərsiniz