
ABŞ-nin Kaliforniya ştatında “Meta” şirkətinin ən böyük hüquqi mübarizələrindən biri başlayıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, söhbət uşaqların sosial mediadan istifadəsindən gedir.
Oklend şəhərində keçirilən məhkəmədə ştatları təmsil edən vəkillər “Meta”nın uşaqları “Facebook” və “Instagram”dan asılı vəziyyətə salmamaq üçün kifayət qədər tədbir görmədiyini iddia ediblər.
Kaliforniyanın vəkili Meqan O'Nil bildirib ki, “Meta” “Instagram”da 11-12 yaşlı milyonlarla uşağın olduğunu müəyyənləşdirib, lakin onların platformadan uzaq tutulması üçün kifayət qədər səy göstərməyib.
“Meta”nın vəkili Pol Şmidt isə ittihamları rədd edib. O, şirkətin daxili araşdırmasına istinad edərək, yeniyetmələrin 41 faizinin “Instagram”ın özlərini daha yaxşı hiss etdirdiyini, 41 faizinin isə heç bir təsir görmədiyini bildirib.
Şmidt həmçinin deyib ki, sosial media asılılığı deyə bir şey yoxdur.
O'Nil isə “Meta”nın milyonlarla daxili sənədinə, əməkdaşların yazışmalarına və araşdırmalarına istinad edib və “yeniyetmələrdə istifadə ilə bağlı asılılıq anlayışının mövcud olduğu” qənaətinə gəlib.
Məhkəmə işi 2023-cü ildə ABŞ-nin 29 ştatının “Meta”ya qarşı qaldırdığı iddiadan qaynaqlanır. Onların bu iddiları isə tanınmış baş federal hakim İvonn Qonzales Rocersə təqdim edilib.
Ştatlar şirkətdən milyardlarla dollar təzminatla yanaşı, platformalarda bir sıra dəyişikliklər də tələb edirlər. Tələb olunan dəyişikliklər arasında 18 yaşdan aşağı istifadəçilər üçün “bəyənmə” saylarının gizlədilməsi, yetkinlik yaşına çatmayanların bəzi tətbiqlərdən istifadəsinə qadağa, həmçinin tətbiq bildirişlərinin məhdudlaşdırılması var.
Qeyd edək ki, hazırda “Meta”nın bazar dəyəri 1,5 trilyon dollardır.
Tətbiqimizi yükləyə bilərsiniz