
Avropa və Şimali Amerikanın ən böyük şəhərlərinin yerini Asiya və Afrikada sürətlə böyüyən meqapolislər tutmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin (JRC) məlumatları əsasında hazırlanan proqnozlara görə, 1950-2100-cü illər arasında dünyanın ən çox əhalisi olan 15 şəhərinin tərkibində ciddi dəyişikliklər baş verəcək.
1950-ci ildə Tokio 12,6 milyon nəfərlə dünyanın ən böyük şəhəri olub. Nyu-York 9,3 milyon nəfərlə ikinci, Osaka isə 8 milyon nəfərlə üçüncü yerdə qərarlaşıb.
Həmin dövrdə dünyanın ən böyük 15 şəhərinin əhəmiyyətli hissəsi Avropa və Amerikada yerləşirdi. Londonda əhali 7,9 milyon, Moskvada 5,5 milyon, Parisdə isə 5,4 milyon nəfər təşkil edirdi.
Siyahıda Buenos-Ayres, Los-Anceles, Mexiko və San-Paulo kimi şəhərlər də yer alırdı.
Lakin sonrakı onilliklərdə şəhərlərin demoqrafik mənzərəsi sürətlə dəyişməyə başlayıb. 1975-ci ilə qədər London ilk 15-likdən çıxıb, Paris və Los-Anceles də əvvəlki mövqelərini itirib.
XX əsrin ikinci yarısında Asiya şəhərlərinin sürətli böyüməsi diqqət çəkib. San-Paulo və Mexiko kimi Latın Amerikası şəhərləri də əhali artımı hesabına yüksəlib.
2000-ci ilə gəldikdə isə Asiya dünyanın ən böyük şəhərlərinin siyahısında açıq üstünlük qazanıb. Tokio 30,3 milyon nəfərlə liderliyini qoruyub. Quançjou 19 milyon, Yeni Dehli isə 18 milyon nəfərlə ilk sıralarda yer alıb.
2025-ci ildə isə dünyanın ən çox əhalisi olan 10 şəhərindən 9-u Asiyada yerləşir. Siyahının yeganə Asiya xarici şəhəri 25,6 milyon əhalisi olan Qahirədir.
2025-ci ilin lideri isə 41,9 milyon nəfərlə İndoneziyanın paytaxtı Cakarta olub. Dəkkə 36,6 milyon, Tokio 33,4 milyon, Yeni Dehli 30,2 milyon və Şanxay 29,6 milyon nəfərlə ilk beşliyi tamamlayıb.
Proqnozlara görə, əsrin sonuna qədər dünyanın ən böyük şəhərlərinin xəritəsi bir daha dəyişəcək.
2100-cü ildə Banqladeşin paytaxtı Dəkkənin 55 milyon əhali ilə dünyanın ən böyük şəhərinə çevriləcəyi gözlənilir. Cakarta 49,7 milyon nəfərlə ikinci, Pakistanın Karaçi şəhəri isə 43,7 milyon nəfərlə üçüncü yerdə olacaq.
Qahirə 36,7 milyon əhali ilə dördüncü sırada qərarlaşacaq. Yeni Dehli 32 milyon nəfərlə beşinci, Anqolanın paytaxtı Luanda isə 30,7 milyon nəfərlə altıncı olacaq.
Pakistanın Lahor şəhərinin də 24,8 milyon əhali ilə ilk 10-luğa daxil olacağı proqnozlaşdırılır.
Bir vaxtlar dünyanın ən böyük şəhəri olan Tokio əsrin sonuna qədər reytinqdə aşağı düşəcək. Proqnoza əsasən, şəhərin əhalisi 2100-cü ildə 24,1 milyon nəfər təşkil edəcək və Tokio doqquzuncu pilləyə enəcək.
Bunun əsas səbəblərindən biri Yaponiyada doğum səviyyəsinin aşağı olması və uzunmüddətli əhali azalmasıdır.
Eyni zamanda, Afrikanın meqapolisləri də dünyanın ən böyük şəhərləri sırasına daha çox daxil olacaq. 2100-cü ildə Qahirədən başqa Luanda, Dar əs-Salam və Laqos da ilk 15-likdə yer alacaq.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz