Tramp payızda Kim Çen Inla görüşmək istəyir


ABŞ Prezidenti Donald Tramp köməkçilərindən Şimali Koreya lideri Kim Çen Inla bu payız görüş təşkil edilməsini tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrə görə, Tramp müşavirləri ilə Asiyaya növbəti səfəri zamanı Kim Çen Inla üzbəüz danışıqlar aparmaq imkanını müzakirə edib.
Nəşr yazır ki, Tramp noyabr ayında Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək üçün oraya gedə bilər.
WSJ bildirir ki, ABŞ və Şimali Koreya liderləri arasında görüş üçün hələlik rəsmi planlaşdırma müəyyən edilməyib.
Məlumata görə, Tramp Kim Çen Inla görüşünü dialoqu bərpa etmək və Şimali Koreyanı nüvə proqramından imtina etməyə inandırmaq üçün bir fürsət kimi görür.
Nəşrin Amerika rəsmilərinə istinadla yazdığına görə, Amerika Prezidenti 2025-ci ildə də Asiya turnesi zamanı Şimali Koreya lideri ilə danışıqlar aparmaq istəyib. Pxenyan Vaşinqtona görüşə etiraz etməyəcəyini bildirsə də, tərəflər təşkilati məsələləri qısa müddət ərzində həll edə bilməyiblər.
Qeyd edək ki, avqustun 17-də Amerika lideri Kim Çen Inın danışıqlar aparmaq təşəbbüsünə cavab verdiyini açıqlayıb və onun fikrincə, aralarında qarşılıqlı anlaşmanın yarandığını qeyd edib.
Xatırladaq ki, Tramp Şimali Koreya lideri ilə ilk səlahiyyət müddəti ərzində üç dəfə - 2018-ci ilin yay və 2019-cu ilin qış və yay aylarında görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top