
FIFA-nın baş əməliyyat direktoru Kevin Lamur vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə FIFA-ya istinadla “The Athletic” qəzeti məlumat yayıb.
Təşkilat 2024-cü ilin noyabr ayından bəri bu vəzifəni tutan icraçı direktorun vəzifəsindən azad edilməsinin təfərrüatlarını açıqlamaqdan imtina edib.
“FIFA Kevin Lamura iki illik xidmətinə görə təşəkkür edir və ona gələcəkdə uğurlar arzulayır. Bu məsələ ilə bağlı başqa heç bir şərh verilməyəcək”, - deyə FIFA-dan nəşrə bildirilib.
Məlumata görə, bu, Lamurun mediadakı şərhlərindən sonra əməkdaşlar üçün sürpriz olmayıb. Belə ki, o, Dünya Kuboku hüquqlarının bir hissəsini kommersiya qurumlarına satmaq planlarına görə FIFA prezidenti Canni İnfantinonu tənqid edib.
İyul ayında “Associated Press” agentlyinə verdiyi müsahibədə Lamur iddia edib ki, FIFA əməkdaşları İnfantinonun təşkilatın ən yaxşı kişi və qadın yarışlarına nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətini yaratmaq planı ilə bağlı aldadılıblar.
Qeyd edək ki, ki, FIFA-nın planı təşkilatın flaqman kişi və qadın yarışlarına nəzarət edəcək 20 milyard dollarlıq törəmə şirkətin yaradılmasını nəzərdə tuturdu. İnfantino hesab edirdi ki, “FIFA Forward Enterprise” şirkətinin yaradılması FIFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və dünya miqyasında futbolun inkişafına töhfə verəcək. İnfantino bu sxemin 4,2 milyard dollar cəlb edə biləcəyini bildirirdi. Həmçinin, bu plan milli federasiyalara ödənişlərin qarşıdakı dörd illik dövrdə 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 və 24 milyon dollara qədər artırılmasını nəzərdə tuturdu. Lakin təklif bir sıra federasiyalar və təşkilatlar tərəfindən geniş tənqid olundu və jurnalist Romain Molina İnfantinonun təşkilat daxilində dəstəyini itirdiyi üçün istefa verəcəyini bildirdi.
Tətbiqimizi yükləyə bilərsiniz