
Azərbaycan dünya ölkələrinin təhsil sistemlərinin keyfiyyətinə görə hazırlanan reytinqdə 86-cı yerdə qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, reytinqə əsasən, Azərbaycan 4,8 bal göstəricisi ilə 203 ölkə və ərazi arasında 86-cı sırada yer alıb.
Dünya üzrə ən yaxşı təhsil sistemlərinə malik ölkələr arasında ilk 5-likdə Cənubi Koreya (1-ci yer), Yaponiya (2-ci yer), Danimarka (3-cü yer), Belçika (4-cü yer) və Sloveniya (5-ci yer) yer alır.
Reytinqdə yüksək mövqelərdə qərarlaşan ölkələrdə erkən uşaqlıq təhsilinin inkişafı, müəllimlərin hazırlıq səviyyəsi və məktəb sisteminin daha əlçatan və ədalətli olması əsas üstünlüklər sırasında qeyd edilir.
Reytinqin sonuncu pillələrində əsasən təhsil imkanlarının məhdud olduğu, məktəbə çıxış, savadlılıq və təhsilin maliyyələşdirilməsi ilə bağlı ciddi problemlər yaşayan ölkələr yer alıb.
Ən aşağı nəticələr Somali (203-cü yer), Cənubi Sudan (202-ci yer), Konqo (201-ci yer), Zambiya (200-cü yer) və Suriyada (199-cu yer) qeydə alınıb.
Təhsil reytinqi təhsil sistemlərinin keyfiyyəti, ali təhsilə çıxış və ölkələrin yüksək keyfiyyətli təhsil təmin etməsi ilə bağlı göstəricilər əsasında hazırlanır. Reytinqdə obyektiv məlumatlarla yanaşı, qlobal sorğu nəticələrindən də istifadə olunur.
Məlumatlar dünyanın ən yaxşı təhsil sistemləri üzrə məlumat bazasını hazırlayan “World Top 20” (WT20) tərəfindən təqdim edilən göstəricilərə əsaslanır.
Azərbaycanın qonşuları arasında ən yüksək nəticə Rusiyaya məxsusdur. Rusiya 22-ci, Türkiyə 37-ci, Qazaxıstan 43-cü, Gürcüstan 70-ci, İran 81-ci, Ermənistan isə 98-ci yerdə qərarlaşıb.
Keçmiş SSRİ və qonşu ölkələrin siyahıdakı mövqeyi aşağıdakı kimi olub:
22-ci yer – Rusiya;
25-ci yer – Latviya;
26-cı yer – Estoniya;
29-cu yer – Litva;
37-ci yer – Türkiyə;
43-cü yer – Qazaxıstan;
57-ci yer – Belarus;
63-cü yer – Özbəkistan;
64-cü yer – Qırğızıstan;
70-ci yer – Gürcüstan;
81-ci yer – İran;
86-cı yer – Azərbaycan;
87-ci yer – Tacikistan;
98-ci yer – Ermənistan;
108-ci yer – Moldova;
166-cı yer – Ukrayna;
169-cu yer – Türkmənistan.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz