
Süni intellekt şirkətlərinin çoxlu sayda fiziki kitab alaraq onları skan etdikdən sonra məhv etməsi narahatlıq yaradıb.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, müəlliflər, tarixçilər, arxivçilər və kitab kolleksiyaçıları bu təcrübənin xüsusilə nadir və çapdan çıxmış kitablar üçün təhlükəli olduğunu bildirirlər.
Məsələ ilə bağlı ən çox müzakirə olunan nümunələrdən biri “Anthropic” şirkətidir. Məhkəmə sənədlərinə görə, şirkət milyonlarla fiziki kitab alaraq onları rəqəmsal formata çevirməyi planlaşdırıb.
Şirkətin “Panama Layihəsi” adlandırdığı proses zamanı kitabların üz qabığı və cildləri çıxarılıb, səhifələr yüksək sürətli skanerlərlə kompüterə köçürülüb. Daha sonra isə fiziki kitabların məhv edildiyi bildirilir.
Sənədlərdən birində layihənin məqsədi “dünyadakı hər bir kitabı dağıdıcı şəkildə skan etmək” kimi təsvir olunub. Məhkəmə sənədlərinə əsasən, şirkət müqavilələrindən biri çərçivəsində 6 ay ərzində 500 minlə 2 milyon arasında kitab skan etməyi planlaşdırıb.
Süni intellekt modellərinin hazırlanması üçün çox böyük həcmdə mətnə ehtiyac var. Şirkətlər bu məqsədlə internetdəki məlumatlardan da istifadə edirlər. Lakin internetdən götürülən materiallar müəllif hüquqları və məlumatların keyfiyyəti baxımından müxtəlif problemlər yarada bilər.
Fiziki kitabların alınması isə şirkətlərə qanuni şəkildə əldə etdikləri nüsxələri rəqəmsallaşdırmaq imkanı verir. Bundan başqa, köhnə kitabların mətnləri süni intellekt tərəfindən yaradılmadığı üçün şirkətlər üçün daha dəyərli məlumat mənbəyi hesab olunur.
Şirkətlər üçün əsas məqsəd kitabın özünü saxlamaq deyil, onun mətnini rəqəmsal məlumat kimi əldə etməkdir. Milyonlarla kitabın anbarda saxlanması isə əlavə yer, logistika və xərc tələb edir. Bundan başqa, yüksək sürətli skan prosesi zamanı kitabların cildi çıxarılır və bəzi hallarda kitab fiziki olaraq parçalanır. Buna görə şirkətlər skan edilmiş kitabın fiziki nüsxəsini artıq lazım olmayan material kimi məhv edə bilirlər.
Araşdırmalar göstərir ki, söhbət yalnız məşhur kitablardan getmir. Nadir və çapdan çıxmış əsərlər də skan edilə bilir.
Məsələn, ABŞ-də bir nadir kitab satıcısından təxminən 1000 kitab sifariş edilib. Kitablardan birinə yerləşdirilən izləmə cihazı onun Kaliforniyadan “Milwaukee” və “Kolorado Springs” vasitəsilə “Amazon”a məxsus bir anbara aparıldığını göstərib.
Məlumata görə, həmin müəssisədə kitabların skan edilməsi işçilərin əsas fəaliyyətlərindən biridir. Bəzi sifarişlərdə kitabların sayı 1000-dən 1 milyona qədər dəyişir.
Bu vəziyyət xüsusilə nadir kitablar üçün ciddi risk yaradır. Əgər kitabın başqa fiziki və ya rəqəmsal nüsxəsi yoxdursa, onun məhv edilməsi həmin əsərin tamamilə yoxa çıxmasına səbəb ola bilər.
ABŞ qanunvericiliyindəki “İlk Satış Doktrinası” ümumilikdə qanuni şəkildə alınmış fiziki kitabın yenidən satılmasına və ya məhv edilməsinə icazə verir.
Lakin əsas mübahisə kitabların məhv edilməsindən daha çox onların rəqəmsallaşdırılaraq süni intellekt sistemlərinin hazırlanmasında istifadə olunması ilə bağlıdır.
Tənqidçilər hesab edirlər ki, texnologiya şirkətləri mövcud hüquqi qaydalardan istifadə edərək müəlliflərə əlavə ödəniş etmədən böyük rəqəmsal kitab bazaları yarada bilərlər.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz