Gəmi batarkən...


Gəmi batmaq üzrədir. Dalğalar getdikcə böyüyür, su göyərtəyə dolur.
Gəmidə olanlar bir-birinə baxır, çarə axtarır, suyun qarşısını almağa çalışırlar.
Heç kim gəminin batmasını istəmir. Çünki söhbət təkcə bir gəmidən getmir.
O gəminin içində illərin xatirəsi, qurulan planlar, yaşanan günlər və gələcəyə dair ümidlər var.
Allaha inanan insan son ana qədər ümid edir.
Düşünür ki, bəlkə dalğalar səngiyər, bəlkə suyun qarşısı alınar, bəlkə uzaqdan kömək görünər.
Çünki insanın bağlandığı, sevdiyi və uğrunda illər sərf etdiyi bir şeyin gözləri qarşısında əldən getməsi ağırdır.
Amma bütün çabalara baxmayaraq gəmi suya qərq olmağa başlayır.
Ağırdır. Üzücüdür.
Çünki gözəl günlərin gələcəyini bilirsən, amma həmin günlərə bu gəmi ilə çatmağın mümkün olmayacağını anlayırsan.
Bununla belə, dəniz gəminin batması ilə bitmir.
Bəlkə də insanın ən çətin qəbul etdiyi həqiqətlərdən biri budur: hər şey bizim istədiyimiz kimi davam etməyə bilər.
Bir dövr sona çata bilər, bir plan yarımçıq qala bilər, illərlə qorunan bir şey əlimizdən çıxa bilər.
Amma bu, qarşıda heç nə qalmadığı anlamına gəlmir.
Bir qapının bağlanması başqa qapının açılmasıdır.
Sadəcə, insan bağlanan qapının qarşısında dayananda qarşısındakı yeni qapını dərhal görə bilmir.
Biz hadisənin içində olduğumuz üçün yalnız bu günü görürük.
Ağrını, itkini, ayrılığı və başa çatan yolu görürük.
Allah isə bizim görmədiyimizi də görür.
Hadisələrin səbəbini, nəticəsini və bizi aparacağı yeri bilir.
Ola bilsin, bu gün böyük itki kimi görünən bir hadisənin içində sabahın xeyri gizlənib.
Ola bilsin, bağlanan yol insanı daha doğru bir yola yönəldəcək.
Ola bilsin, bitdiyini düşündüyümüz bir hekayə başqa formada davam edəcək.
Buna görə gəminin batması həmişə hər şeyin sonu deyil. Bəzən sadəcə bir yolun sonudur.
Gəmi batır, dəniz isə qalır. Fırtına keçir, üfüq yenidən işıqlanır.
Bu gün görə bilmədiyimiz gözəl günlər sabah qarşımıza çıxa bilər.
Çünki insan bütün mənzərəni görə bilmir. Allah isə görür.
Bizə ağır gələn hadisələrin içində Onun bildiyi bir hikmət, bizim hələ çatmadığımız bir xeyir və qarşıda açılacaq bir yol var.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top