"Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat konfransı keçirib". "Yeniavaz.com" xəbər verir ki, bu barədə Şuradan məlumat verilib. Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev şəffaflıq və hesabatlılığın rəhbərlik etdiyi qurumun ən vacib prinsiplərindən olduğunu vurğulayıb: “Şura kollegial orqan olaraq bu gün 2016-cı ildəki fəaliyyətinə dair ictimaiyyət qarşısında geniş hesabatla çıxış edir. Ötən il Şura QHT-lərin 556 layihəsinin maliyyələşdirilməsinə 5 369 535 manat vəsait ayırıb. Bu layihələrin icrasına 2018 nəfər işçi cəlb olunub. 45 televiziya verilişi, 29 sosial çarx, 25 film çəkilib, 23 sayt yaradılıb. Maliyyələşən layihələr üzrə ölkənin 54 şəhər və rayonlarında müxtəlif tədbirlər həyata keçirilib”.
Azay Quliyev ötən il Şuranın həyatındakı mühüm hadisələrdən biri kimi qurumun üzvlüyünə ixtisaslaşmış 8 QHT qrupunda keçirilən seçkilərdə iştirak edən 43 namizəddən 24 nəfərin qalib olduğunu bildirib.
Azay Quliyev 2016-cı ildə QHT sektorunun üzləşdiyi problemlərin həlli istiqamətində Şuranın yaratdığı institusional mexanizmlərin effektiv fəaliyyət göstərdiyini deyib: “Bildiyiniz kimi 2015-ci ildən Şura yanında Hüquq və Monitorinq Komissiyası fəaliyyət göstərir. 9 sentyabr 2016-cı ildə isə Şuranın təşkilatçılığı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. İlk dəfə olaraq bu Platformada hakimiyyətin hər üç qolunun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri təmsil olunur. QHT-hökumət tərəfdaşlığının inkişafı istiqamətində atılan bu mühüm addımlar nəticəsində indiyədək 9 QHT-nin bank hesablarından həbs götürülüb, 8 QHT-yə qarşı tətbiq olunmuş vergi sanksiyaları ləğv edilib, 1 QHT haqqında başlanmış cinayət işi dayandırlıb, 33 QHT-nin xarici donor hesabına maliyyələşən 32-dən çox qrant müqaviləsi qeydə alınıb, qeydiyyatı yubanan 15 QHT-nin dövlət qeydiyyatı problemi həll edilib. Bu müsbət tendensiya hazırda da davam etməkdədir. ”.
Şura sədri qeyd edib ki, Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında cənab prezident İlham Əliyevin 21 oktyabr 2016-cı ildə imzaladığı fərmanında bu sahə üçün mühüm əhəmiyyət kəsb edən bir sıra ciddi və əhəmiyyətli dəyişikliklər əksini tapıb. Azay Quliyev QHT-lərin fəaliyyət imkanlarının stimullaşdırılması baxımından böyük önəm kəsb edən bu fərmana görə QHT sektoru adından cənab prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Bu dəyişikliklərdə hökumət-QHT dialoqunun ən effektiv modeli olan “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın səyləri nəticəsində verilmiş təkliflərin bir çoxu nəzərə alınıb.
Azay Quliyev həmçinin Şura Katibliyi ilə QHT-lər arasında təmasın minimuma endirilməsi üçün təsviri və maliyyə hesabatlarının razılaşdırılmasının və qəbulunun tam şəkildə elektron qaydada aparılmasına başlandığını da deyib.
Şura sədri rəhbərlik etdiyi qurumun tətbiq etdiyi yeniliklərdən danışaraq qeyd edib ki, QHT-lərin ərizə, təklif və şikayətlərinin qəbulu üçün yeni xidmət (daxili nəzarət və qiymətləndirmə) və çağrı mərkəzinin yaradıldığını da vurğulayıb.
Şura sədri dövlət büdcəsindən 2017-ci ildə Şuraya ayrılan vəsaitin öətn ilə nisbətən 1 600 000 manat azalmasının müəyyən çətinlik yarada biləcəyini qeyd edərək QHT-ləri daha innovativ və səmərli fəaliyyətə çağırıb.
Azay Quliyev qrant layihələri ilə bağlı QHT-lər arasında şəbəkələşmənin və sövdələşmələrin aşkarlanması üçün də ciddi araşdırmaların başlandığını deyib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2016-cı ildə QHT-lərə dövlət dəstəyinin istiqamətlərinə uyğun olaraq görülən işlər, Şuranın həyata keçirdiyi tədbir və müsabiqələr, dövlət proqramlarının icrası çərçivəsində həyata keçirilən işlər, layihələrin idarə olunması və monitorinqlərin təşkili, beynəlxalq əlaqələr, çap məhsulları, elektron resurslar, monitorinqlər zamanı aşkarlanan problemlər və onların həlli istiqamətində atılmış addımlar, layihələr üzrə ən yaxşı nümunələr və yeni hədəflər barədə geniş məruzə ilə çıxış edib. Fərasət Qurbanov Şura Katibliyinin icra olunan layihələrin 326-sını yaxşı, 80-ni əla, 75-ni kafi, 12-sini isə qeyri-kafi qiymətləndirdiyini deyib.
Daha sonra 2016-cı ildə layihələrin icrasını ən yüksək səviyyədə həyata keçirmiş “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova, “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacəmi Atakişiyev, “Əlil İdmançılara Dəstək” İctimai Birliyinin sədri Kamal Məmmədov, “EL-1” İdman Klubu İctimai Birliyi Elçin Çobanzadə, “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin rəhbəri Ramiz Əliyev, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifovaya Şura sədri Azay Quliyev tərəfindən mükafatlar təqdim olunub.
Konfransda ABŞ, Hollandiya, Almaniya, Polşa, Türkiyə, Rusiya, Belçika, İsveçrə səfirliyinin, həmçinin Avropa İttifaqı və BMT-nin Azərbaycandakı ofislərinin nümayəndələri də iştirak edib.
Hesabat ətrafında çıxış edən QHT rəhbərləri Rauf Zeyni, Şəlalə Həsənova Təhmasib Novruzov, Niyaməddin Orduxanlı, Radə Abbas, Ramin Hacılı və digər şəxslər Şuranın 2016-cı ildəki fəaliyyətinin məhsuldar olduğunu və qənaətbəxş saydıqlarını deyiblər.